Qarışıqların ayrılma üsulları

5

5.3 Durultma üsulu
Şəkillərdə etil spirti və bitki yağının su ilə qarışıqları verilmişdir.
Etil spirtinin su ilə qarışığı
Bitki yağının su ilə qarışığı
• Etil spirtinin su ilə qarışığını hansı üsulla ayırmaq olar?
• Eyni üsulla bitki yağının su ilə qarışığını ayırmaq olarmı?
Fikrinizi əsaslandırın.
• Bitki yağının su ilə qarışığını ayırmaq üçün hansı üsulu təklif edərdiniz?
Suya bitki yağı əlavə etdikdə onun su ilə qarışmadığını və suyun səthində qaldığını müşahidə etmişsiniz. “Təbiət” dərsliyindən bunun onların sıxlıqları ilə əlaqəli olduğunu bilirsiniz. Su ilə yağ bir-birində həll olmadığı və sıxlıqları fərqli olduğu üçün onlar təbəqələr şəklində ayrılır. Suyun sıxlığı yağın sıxlığından çox olduğu üçün su alt təbəqəni, yağ isə üst təbəqəni əmələ gətirir. Bundan istifadə etməklə bitki yağının su ilə qarışığından maddələri bir-birindən ayırmaq olar. Proses zamanı mayelərin bir-birindən durularaq təbəqələr şəklində ayrılması baş verdiyi üçün bu üsula durultma üsulu deyilir.
Açar sözlər
durultma üsulu, ayırıcı qıf
Fəaliyyət
Bitki yağının su ilə qarışığını bir-birindən necə ayırmaq olar?
Ləvazimat: ayırıcı qıf, ştativ, stəkan, bitki yağı, su.
Təlimat:
Addım 1. Ayırıcı qıfa bir qədər su tökün. Suyun üzərinə bir qədər bitki yağı əlavə edin. Ayırıcı qıfın ağzını qapaqla bağlayın və ehtiyatla çalxalayın. Sonra ayırıcı qıfı ştativə bərkidin və bir qədər gözləyin.
Addım 2. Bir müddət sonra ayırıcı qıfın altına yerləşdirilmiş kranı açın və su təbəqəsini qıfın altında yerləşdirilmiş stəkana axıdın. Suyun axıdılmasını yağ-su sərhədinə çatana kimi davam etdirin.
Müzakirə edin:
1. Ayırıcı qıfı çalxaladıqda və sonra onu sakit saxladıqda nə müşahidə etdiniz?
2. Nə üçün suyun stəkana axıdılmasını yağ-su sərhədinə çatana kimi davam etdirdiniz?
3. Başqa hansı qarışıqları bu üsulla ayırmaq olar?