müsəlman xalqlarına etimadsızlığı artdı. Buna görə də səfərbərliyə alınan müsəlmanlardan yalnız Qərb cəbhəsində Almaniya və Avstriya- Macarıstana qarşı döyüşlərdə istifadə edilməsinə qərar verildi.
Rusiyada müsəlmanların orduya səfərbərlikdən azad edilməsi qaydasının müharibə dövründə aradan qaldırılmasının səbəblərini izah edin.
Tatar süvari alayı. 1914-cü ilin avqustunda çar II Nikolayın fərmanı ilə Qafqaz Yerli Süvari Diviziyası (“Vəhşi diviziya”) yaradıldı. Könüllülərdən təşkil edilmiş diviziyada azərbaycanlılardan ibarət hərbi hissə Tatar Süvari Alayı adlanırdı. Digər hərbi hissələrdən fərqli olaraq, qafqazlıların süvari alaylarında at, yəhər, geyim, soyuq silah və ləvazimat döyüşçülərin öz hesablarına təmin olunmalı idi. Tatar Süvari Alayının təşkilində Yelizavetpol quberniyasının tanınmış bəylərindən olan Fərrux bəy Vəzirov mühüm rol oynamışdı.
Milli burjuaziya nümayəndələri alayın maliyyələşdirilməsində fəal iştirak edirdilər. Alay Yelizavetpol quberniyası və Tiflis quberniyasının Borçalı qəzasının könüllülərindən təşkil olunmuşdu. Cəbhəyə yola düşərkən Azərbaycan dilində “Andlı öhdəlik” qəbul edən və ona axıra qədər sadiq qalan alayda müharibə dövründə, bir dəfə də olsun, fərarilik halı baş vermədi.
Tatar süvari alayı 1916-cı ilin mayında rus ordularının “Brusilov hücumu”nda iştirak edərək düşmənin müdafiə xəttini yarmağa müvəffəq olmuşdu. 1918-ci ilin yanvarında diviziyanın fəaliyyəti dayandırıldı.
“...Diviziyanın döyüşçülərinin “Müqəddəs Georgi” xaç nişanı ilə təltif olunmasında dəyişiklik edilmişdi – nişanda xristianlığın müqəddəslərindən olan Georginin təsvirinin əvəzinə, dövlət gerbinin şəkli verilmişdi. Lakin bir müddət sonra diviziyanın hərbçiləri “quşcuğaz”a etiraz edərək nişanın üzərinə “igid oğlan” təsvirinin qaytarılmasını tələb etdilər...”
Q.A.Muraşev
“Fəxri adlar, rütbələr, mükafatlar”
Döyüşən generallarımız. Birinci dünya müharibəsində Rusiya ordusunda 200 nəfərədək azərbaycanlı zabit iştirak edirdi. 1914-cü ilin sentyabrında general- leytenant Səməd bəy Mehmandarovun başçılıq etdiyi diviziyanın hissələri 3 gün ərzində heç bir yardım almadan alman qvardiya korpusunun hücumlarını dəf etmişdi.
Diviziya rus korpusunu mühasirəyə almağa çalışan və sayca üstün Avstriya-Macarıstan qüv vələrinə qalib gələrək buna imkan verməmişdi. Döyüşlərdə general Mehmandarov ön sıralarda vuruşaraq dəfələrlə həyatını təhlükə altına atmışdı. O göstərdiyi şəxsi şücaətə görə çarın fərmanına əsasən brilyantlarla bəzədilmiş Georgi silahı ilə təltif olunmuşdu. yantlarla
Birinci dünya müharibəsi dövründə rus ordusunda yalnız 8 nəfər bu silahla mükafatlandırılmışdı. Ordu komandanı general Mehmandarov Rusiya ilə yanaşı, Böyük Britaniya, Fransa və Rumıniyanın ali hərbi mükafatları ilə təltif edilmişdi. Lakin Rusiyada baş verən Fevral inqilabından sonra general Mehmandarov hərbi xidmətdən istefa vermişdi.