XVII əsrin ortalarında Böyük Coğrafi kəşflər başa çatdı. Sonrakı dövrlərdə materiklərin daxili rayonları ilə yanaşı, okeanlarda suyun temperaturu, duzluluğu, axını, dib relyefi, qütbətrafı ərazilər öyrənilməyə başlandı. Avropalılara artıq Köhnə Dünya ilə yanaşı, Amerika və Avstraliya da məlum olmuş, materiklərin daxili hissələrinin öyrənilməsinə başlanılmışdı. Səyahətlər Sakit, Atlantik və Hind okeanlarının mərkəzindən üzüb keçməyə, onların ölçülərini müəyyən etməyə imkan vermişdi. Bununla yanaşı, dünyada kəşf olunmayan, insan ayağı dəyməmiş ərazilər, “ağ ləkələr” qalırdı.
XVII-XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Semyon Dejnyov Avrasiyanın ucqar şərq nöqtəsinə hələ XVII əsrin ortalarında çatmışdır və buranı fəth etmişdir.