13.4

İstixana effekti və qlobal istiləşmə

Bəzi bitkiləri ilin bütün fəsillərində becərmək üçün istixanalardan istifadə edilir. Bu istixanalar Günəşdən gələn istiliyi saxladığı üçün isti havalarda yetişən meyvə və tərəvəzləri istixanalarda yetişdirmək mümkün olur.
• Açar sözlər •
• istixana effekti
• istixana qazları
• qlobal istiləşmə
• Sizcə, bir sutkada açıq havanın temperaturu ilə istixanadakı temperatur necə fərqlənir?
• Canlıların yaşaması üçün Yerdəki temperatur hansı aralıqda olmalıdır?
Fəaliyyət-1 İstixana effektini necə təsəvvür etmək olar?
Ləvazimat: 2 eyniölçülü şüşə qab, soyuq su, 10 ədəd kiçik buz parçası, 2 termometr, 1 ədəd sellofan paket.
İşin gedişi:
1. Qabların hər birinə bir stəkan soyuq su əlavə edin.
2. Hər qaba 5 ədəd buz parçası əlavə edin.
3. Hər iki qaba termometr yerləşdirin.
4. Qablardan birinə üst tərəfdən sellofan paket keçirin.
5. Hər iki qabı günəş şüaları altına qoyun və müşahidə edin.
6. 10 dəqiqə sonra termometrlərin göstəricilərini müqayisə edin.
Müzakirə edin:
- Hansı qabdakı buz daha tez əriməyə başladı?
- Hansı termometrin göstəricisi daha yüksək oldu?
- Bu fərqlərin səbəbi nədir?
İstixana qazlarının miqdarı artdıqca udulan istilik miqdarı da artır və Yerin orta temperaturu yüksəlir.
Bitki yetişdirmək üçün istifadə olunan istixanalar günəşin istilik enerjisinin təsiri ilə tez isinir, gec soyuyur. Atmosferdəki bəzi qazlar da istilik enerjisini udur və atmosferin aşağı qatlarının isti qalmasına səbəb olmaqla Yerin soyumasına mane olur. Bu hadisə istixana effekti adlanır. İstixana effektinə səbəb olan qazlar, əsasən, karbon qazı və metan qazıdır. Bu qazlar istixana qazları da adlanır. Atmosferdə istixana qazlarının miqdarının artması Yerin temperaturunun uzun müddətdə tədricən artmasına səbəb olur. Bu proses qlobal istiləşmə adlanır. Aşağıdakı qrafikdə 1880 - 2000-ci illər arasında atmosferdəki karbon qazının miqdarı və Yerin orta temperaturunun dəyişməsi göstərilmişdir.