15. Arı ailələrinin qışlama yeri

Arılar yalnız tam rahat olduqda müvəffəqiyyətlə qışlaya bilər.

Azərbaycanda qışlama yerlərinin lazım olub-olmaması haqqında bu modulun 13-cü təlim nəticəsində qısa söhbət açılmış, sonra isə, ümumiyyətlə, arıların qışlama yerlərinə yerləşdirilməsinin nəzəri və praktik cəhətləri işıqlandırılmışdır. Ölkəmizdə qışlama yerləri barəsində professor Hacı Qulamhüseyn Sultanov qısa məlumat vermişdir. O, dağ rayonlarımızda qışlama yerlərində arıların saxlanması, onlara orada olunan xidmətdən konkret danışır. Qışlama yerləri barədə məlumat verməyi bu gün vacib edən məsələlərdən biri də hərtərəfli biliyə malik kadr hazırlığıdır. Kim deyə bilər ki, bu gün Azərbaycanda hazırlanan arıçı sabah fəaliyyətini başqa bir ölkədə davam etdirməyəcək.

Biz isə dağ rayonlarımızda qışlama yerlərinə olan tələbat və gələcək arıçılarımızın hərtərəfli yetişməsini nəzərə alaraq qışlama yerləri, (beynəlxalq təcrübəyə əsaslanaraq) onun mühəndis-konstruksiyası, hansı tələblərə cavab verməsi barədə aşağıdakı məlumatları verməyi məqsədəuyğun hesab edirik.

Arıların qışlaması zamanı onlara tam rahat şərait yaratmaq üçün qışlama yerləri aşağıdakı tələblərə cavab verməlidir:

Qışlama yerlərində sabit temperatur 0-4 dərəcə Selsi arasında qorunub saxlanılmalıdır, bu istilik kifayətdir ki, pətəkdə arı topasının yanında havanın temperaturu 140C olsun.

Bu, arıların normal qışlaması üçün lazım olan şərtdir. Qışlama yerlərində havanın temperaturunun aşağı düşməsi arıları arı topalarının qızdırılması üçün çoxlu istilik verilməsinə məcbur edir və bununla da həddindən artıq çox balın istifadəsinə səbəb olur.

40C-dən çox olan temperatur arılarda susuzluğa səbəb olur: arılar su axtarışında pətəklərdən çıxır və ölür. Temperaturun kəskin dəyişilməsi də çox arzuolunmazdır, çünki o, arıların həyat fəaliyyətinin vaxtsız artmasına səbəb olaraq arıların qışlamasına mənfi təsir göstərir. Beləliklə, qışlama yerlərində optimal (daha da mülayim) temperatur rejiminin (0-4°C istilik) normadan artıq olması arıların həddindən artıq çox bal yemələri, mədələrinin qədərindən artıq dolması, bunun nəticəsində isə arıların erkən yaşlanmasına səbəb olur.

Qışlama yerinin yaxşı ventilyasiyası, həmçinin də ətraf mühitlə əlaqəli hava mübadiləsi olmalıdır.

Qışlama yerində ventilyasiyanın zəruriliyi haqqında düzgün təəssüratların yaranması üçün bilmək lazımdır ki, hər arı ailəsi tənəffüs zamanı su buxarı ayırır, onun miqdarı isə arının istifadə etdiyi balın miqdarından asılıdır.

Elmi tədqiqatlar və təcrübə ilə müəyyən olunmuşdur ki, orta hesabla ailə bütün qışlama dövrü ərzində 5-6 kiloqram bal yeyir. Ailə 1 kiloqram baldan istifadə etdikdə 700 qram su buxarı ayırır, bu isə o deməkdir ki, 5-6 kiloqram baldan istifadə olunduqda isə 3500-4200 qram su buxarı ayrılacaq. Qışlama yerində 100 arı ailəsi qışlayırsa, arılar qışlama dövrü (5-6 ay) ərzində 350-420 kiloqram su buxarı ayırır. Arılar su buxarı ilə yanaşı, karbon qazını da su buxarından təxminən 20 faiz çox ayırır.

Qeyd olunanların hamısı qışlamanın əvvəlində, arıların tam rahat olduğu bir vaxtda qışlama yerində bir gündən bir 5-7 dəfə, qışlamanın sonunda arıların sürfələri bəslədiyi bir vaxt isə tez- tez havanın təmizlənməsinə səbəb olur.