Tarix

XX əsrin başlanğıcında rabitənin texniki vasitələri (telefon,teleqraf, radio) sürətlə inkişaf edirdi. Bununla əlaqədar olaraq yeni elmi istiqamət - "Rabitə nəzəriyyəsi" meydana çıxdı. Amerikalı alim K.Şennon bu nəzəriyyəni inkişaf etdirərək kodlaşdırma nəzəriyyəsini və informasiya nəzəriyyəsini yaratdı. İnformasiya nəzəriyyəsi rabitə kanalı ilə ötürülən informasiyanın ölçülməsi problemini həll etdi.

Klod Elvud Şennon

(1916-2001)

Amerikalı mühəndis və riyaziyyatçı, informasiya nəzəriyyəsinin banisi.

1948-ci ildə "Rabitənin riyazi nəzəriyyəsi" məqaləsində ən kiçik informasiya vahidini işarə etmək üçün "bit" sözündən istifadə etməni təklif edib.

ARAŞDIRAQ  — öyrənək

İnsanın DNT-sini (genetik kodunu) dördhərfli əlifbada yazılmış söz kimi təsəvvür etmək olar. Burada hər bir hərflə DNT zəncirinin halqası işarələnir (nukleotid). Tərkibində təqribən 1,5 · 1023 nukleotid olan DNT zəncirinin neçə bit informasiya daşıdığını hesablayın.

Özünüzü yoxlayın

  1. Birinci dərsdə verilmiş "7 × 9 = 63" misalında informasiyanın miqdarının ölçülməsi üçün hansı yanaşmadan istifadə olunub?
  2. Əlifbada 32 hərf varsa, onun bir hərfi hansı miqdarda informasiya daşıyır?
  3. 20 simvoldan ibarət olan məlumatın informasiya tutumu 100 bitdir. Bu məlumatın yazıldığı əlifbanın ölçüsü nəyə bərabərdir?
  4. 8 simvolu olan əlifba vasitəsilə yazılmış məlumatın informasiya tutumu 120 bitdir. Məlumatda neçə simvol var?
  5. Kitab 100 səhifədən ibarətdir. Hər səhifədə 60 sətir, hər sətirdə 80 simvol olarsa, kitabın informasiya tutumu nə qədər olacaq?
  6. A planetində 256, B planetində isə 128 hərfdən ibarət əlifbadan istifadə edilir. Hansı planetin əhalisi üçün 10 simvoldan ibarət olan məlumat daha çox informasiya daşıyır?