Rezonans hadisəsi. Məcburi rəqslərin amplitudu məcburedici qüvvənin tezliyindən asılıdır - məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin məxsusi rəqs tezliyinin qiymətinə yaxınlaşdıqca məcburi rəqslərin amplitudu artır (d). Nəticədə sistemdə rezonans hadisəsi baş verir.

● Rezonans hadisəsi - məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin sərbəst rəqs tezliyinin qiymətinə bərabər olarsa (ω = ω0) məcburi rəqslərin amplitudunun kəskin artması hadisəsidir.

Rezonans əyrisinin maksimumunun kəskinliyi sürtünmə qüvvəsindən asılıdır. Belə ki, 1 əyrisi kiçik sürtünmə qüvvəsinə (maksimum kəskindir), 2 və 3 əyrisi isə böyük sürtünmə qüvvəsinə uyğundur (bax: d).

Məcburi rəqslərdə rezonans rəqs sistemlərində fəlakətlərə səbəb olabilən böyük dağıdıcı qüvvə yaradır. Məsələn, körpüdən ahəngdar addımlayan piyada və ya süvari alayının yaratdığı məcburedici təsir qüvvəsinin tezliyi körpünün sərbəst rəqs tezliyi ilə üst-üstə düşdükdə körpünün məcburi rəqs amplitudu kəskin artar və o dağıla bilər. Bu səbəbdən əsgər alayları körpüdən keçdikdə azad yerişlə addımlamaq komandası alırlar.

2
Tətbiqetmə
Rezonans əyrisini araşdırın
Məsələ. Verilən rezonans əyrisinə əsasən sistemin sərbəst rəqslərinin periodunu təyin edin (e). Nəticənin müzakirəsi:
  • Sistemin sərbəst rəqslərinin tezliyi neçə Hs-dir?
  • Sistemin sərbəst rəqslərinin periodunu necə təyin etdiniz?
  • Sistemin məcburi rəqslərinin rezonans amplitudu nəyə bərabərdir?
Gündəlik həyatınızla əlaqələndirin:
Bilirsiniz ki, avtomobil mühərrikindəki silindrdə porşenin hərəkəti rəqsi hərəkətdir.
  • Porşenin silindrdə rəqsi hərəkəti hansı növ rəqsdir: sərbəst, yoxsa məcburi? Nə üçün?
Özünüzü qiymətləndirin:
  1. Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq qaldı?
  2. Sankt-Peterburqdakı “Misir” körpüsünün dağılmasına nə səbəb olmuşdur?
  3. ABŞ-dakı “Takoma” körpüsü hansı səbəbdən dağılmışdır?
  4. Məcburi rəqslərin amplitudu nədən asılıdır?
  5. Hansı şəraitdə məcburi rəqslərdə rezonans baş verir?
  6. Rezonans əyrisinin kəskinliyini nə müəyyənləşdirir?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan müddəaların qısa izahını yazın: “məcburi rəqs”, “məcburi rəqslərin amplitudu”, “rezonans”.