“Səməndər quşu” əfsanəsində oda inam, quşa tapınma motivləri öz əksini tapıb. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür.
Rəvayətlər əfsanələrdən fərqli olaraq, tarixən baş vermiş, bu və ya digər şəxsiyyətlə bağlı olan real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. “Nuh peyğəmbər”, “Astiaq”, “Tomris” və s. rəvayətlərdə tarixi və əfsanəvi şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bağlı hadisələr əks olunub.
Lətifə cəmiyyətdə, ailə və məişətdə, insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Lətifələrdə yumorla yanaşı, satira, sarkazm da mühüm yer tutur. Xalq arasında Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı lətifələr geniş yayılıb.
Atalar sözü və məsəllər ibrətli, müdrik məzmunlu yığcam ifadələrdir. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Onlara “müdrik sözlər”, “qanadlı sözlər” və s. deyilməsi də bu hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsəllər müdrik ifadələr olsalar da, onların arasında fərq də vardır. Atalar sözündə fikir ümumiləşmiş, bitkin şəkildə ifadə edilir. Buna görə də onların izahına ehtiyac duyulmur. Məsələn, “İş insanın cövhəridir”, “Bu günün işini sabaha qoyma”, “Yüz ölç, bir biç” və s. Atalar sözlərindən fərqli olaraq, məsəllər müəyyən əhvalatla bağlı olur, əhvalatın, hadisənin nəticəsi, yekunu kimi meydana çıxır. Onun mənasını başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Məsələn, “Dava yorğan davasıdır” məsəli Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Bu məsəldən, adətən, münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün istifadə olunur.
Epik folklorun geniş yayılmış janrlarından olan tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə, səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur.
Epik folklorun janrlarından olan yanıltmaclar səs oyunu üzərində qurulmuşdur. Bu nümunələr həm nəzm, həm də nəsr şəklində olur. Yanıltmaclar eyni səsin, oxşar səslənən sözlərin, söz birləşmələrinin sırasına, əvəzlənməsinə əsaslanır. Bu janrda olan nümunələr yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış.
Epik folklorun ən qədim janrlarından biri də nağıllardır. İnsanların qədim dövrlərdən yaratdığı nağıllar dildən-dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır. Nağılların özəl xüsusiyyətləri vardır. Bu nümunələrdə bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı