Mikroelementlər bitkilərə ən çoxu 0,01-0,0001% qatılıqda məhlul halında verilir. Onlar fotosintez prosesini gücləndirir, azot və sulu karbonların mübadiləsini yaxşılaşdırır. Bitkilərdə mikroelementlər çatışmadıqda isə onlarda müxtəlif xloroz xəstəliyi, barvermə və böyümənin zəifləməsi və məhsuldarlığın azalması baş verir.
Bor (B) - bitkilərdə tozlanma və mayalanma prosesini sürətləndirir. Bor çatışmadıqda bitkinin anatomik quruluşunda çatışmazlıqlar meydana çıxır, ikiillik ədviyyat, bitki çayları və dərman bitkilərində çatışmadıqda onlar az toxum verir.
Dəmir (Fe) - tənəffüs prosesində mühüm rol oynarır. Xlorofil əmələ gətirən fermentlərin əsas tərkib hissəsini təşkil edir. Tərəvəzlərdə dəmir çatışmazlığı nəticəsində boy maddələrinin sintezi gecikir. Bu zaman yarpaqlar açıq sarı rəngdə olur.
Mis (Cu) - bitkidə sulu karbonların və zülalın mübadiləsini yaxşılaşdırır, tənəffüsün intensivliyini artırır. Mis çatışmazlığı nəticəsində təzə cücərtilər məhv olur.
Manqan (Mn) - bitkidə fotosintez, tənəffüs və nitrat azotunun mənimsənilməsini gücləndirir.
Molibden (Mo) - kök yumrusu bakteriyalarının fəaliyyətini və zülalın sintezini sürətləndirir. Kəskin çatışmazlıq şəraitində bitkilərin mərkəzi yarpaqları burulur və spirala bənzəyir.
Kalsium (Ca) - bir çox fermentlərin aktivliyini və bitkilərin soyuğa, quraqlığa, habelə göbələk xəstəliklərinə davamlılığını artırır.
Bir çox bitkilər vardır ki, onlar indiqator xüsusiyyətinə malikdirlər. Belə ki, gicitkən (dalamaz forması - Urtica dioica), çəmən otu (Anthríscus), xaçgülü (Senécio), qatıqotu (Gálium aparíne), sirkən (Átriplex), yandırıcı qaymaq çiçəyi (Ranúnculus ácris) azotla zəngin torpaqlarda, yabanı kök (Dáucus caróta) və çoban yastığı (Ánthemis) azotla kasıb torpaqlarda yayılıb inkişaf edirlər.
5.1.4. Ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən mineral gübrələr
Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin etmək
üçün torpağa verilən duzlara - mineral gübrələr deyilir.
Torpağı uzun müddət istismar etdikdə ondakı mineral maddələr tükənir, bitkinin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Ona görə də bitkiləri qida maddələri ilə təmin etmək üçün mineral gübrələrdən istifadə edilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpağın münbitliyinə, strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya digər üzvi gübrə ilə) və ya üzvi çürüntülərlə zəngin, alaqsız, su ilə təmin olunmuş və bərabər suvarıla bilən sahələrdə yerləşdirmək lazımdır. Hektara 25-30 ton peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq kalium gübrəsi verilir.