Mühərriklərin növlərindən asılı olaraq, yağ radiatorlarının konstruksiyaları da bir-birlərindən fərqlənir.
Mühərrikin iş prosesində silindrlərin porşenüstü fəzasından karterin boşluğuna hava, yanma qalıqları, yanacaq buxarı daxil olur. Bunun nəticəsində karterdə təzyiq yüksəlir. Bu isə yağ itkisinə səbəb olur və onun köhnəlməsinə kömək edir. Karterdə təzyiqin artmasının qarşısını almaqdan ötrü mühərriklərdə karterin xüsusi ventilyasiya sistemini tətbiq edirlər.
Yağlama sisteminin nasazlıqları birləşmə yerlərinin kipliyinin pozulması, yağ təzyiqinin aşağı düşməsi və ya yuxarı qalxması, yağ boru kəmərlərinin tutulması, yağ süzgəclərinin funksiyalarının korlanması, yağın təzyiq göstəricisinin nəzarət lampasının işləyən və normal
temperatura qədər qızdırılmış mühərrikdə qəflətən işə düşməsi, yağqəbuledicinin tor səthinin tutulması və s. ola bilər.
Yağ təzyiqinin aşağı düşməsinə yağ magistralından yağın sızması, yağ nasosunun və dirsəkli val yataqlarının yeyilməsi, karter dibaltısında yağ səviyyəsinin az olması, yağ özlülüyünün kifayət qədər olmaması səbəb ola bilər.
Karterin dibaltısında yağ səviyyəsinin azalması yağın yanması, dirsəkli val kipləşdiricilərin kipliyinin pozulması və araqatların zədələnməsi nəticəsində baş verə bilər.
Çirklənmiş və ya kifayət qədər özlülüyü olmayan yağı dəyişmək lazımdır.
Yağ boru kəmərlərinin tutulması çox özlü yağdan istifadə edilməsi, reduksiya klapanının ilişərək qapalı qalması təzyiqi artıran səbəblərdəndir. Tutulmuş boru kəmərlərini məftillə təmizləyir (sökülmüş mühərrikdə), ağ neftlə yuyur və sıxılmış hava ilə üfürürlər.