Dizelin iş göstəriciləri həm yanıcı qarışığın əmələ gəlmə keyfiyyətində, həm də püskürülən yanacağın tam və vaxtında yanmasından asılıdır.

Silindrlərin təmizlənmiş hava ilə daha yaxşı təmin olunması turbokompressorların tətbiqini zəruri edir. Deyildiyi kimi, dizel silindrlərinin təzə hava ilə doldurulmasını yaxşılaşdırmaqdan ötrü turboüfürmə tətbiq olunur. Turbokompressor mühərrikin sorma və xaricetmə kanalları ilə əlaqələndirilmişdir.

İşlənmiş qazlar (İQaz) silindrdən atmosferə çıxarkən o, özü ilə istifadə edilməmiş enerji aparır. Turbokompressorun əsas vəzifəsi bu enerjini faydalı işə çevirməkdir. Silindrlərdən çıxan qazlar əvvəlcə turbin çarxının pərlərinə təsir edir və pəri müəyyən tezliklə fırladır. Turbin çarxının fırlanma hərəkəti val vasitəsilə kompressor çarxına verilir. Kompressor valı üzərində yerləşən ikinci pər də istər-istəməz hərəkətə gəlir və hava sürətlə və təzyiq altında silindrlərə vurulur. Bunun hesabına mühərrikin gücü 25-30% artır.

Praktiki tapşırıqlar və fəaliyyətlər

Praktiki tapşırıq 3.1 – Boşuna gedişin kiçik dövrlərinə karbüratorun tənzimlənməsi işlərinin yerinə yetirilməsi

İstifadə edilməli resurslar:
- İş paltarı, iş ayaqqabısı və əlcək;
- İstifadə etmək üçün təlimat;
- Karbürator;
- Vintaçan.

Fəaliyyət və tapşırıqlar Təlimat və tövsiyələr
Boşuna gedişin kiçik dövrlərində karbüratorun tənzimlənməsi işlərinin yerinə yetirilməsi
  • İş paltarını geyinin
  • Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
  • Boşuna gedişin kiçik dövrlərinə karbüratorun tənzimlənməsi işlərinin yerinə yetirilməsinə dair təlimatla tanış olun.