Q. Zərdabinin yazdığına görə Azərbaycana qarğıdalı XIX əsrin 70-ci illərində gətirilib. İlk illərdə bu bitki ölkəmizdə bostan bitkisi kimi əkilib və onun sütülləri bişirilərək qida kimi istifadə edilib. 1913-cü ildə qarğıdalının əkin sahəsi Azərbaycanda 5 min ha. təşkil edirdi. Qeyd olunur ki, Azərbaycanda qarğıdalı bitkisi 1927-ci ilədək kənd təsərrüfatı bitkiləri arasında yer tutmamışdı. Bu bitkinin əsas əkilmə zonası isə Zaqatala idi, bunun səbəbi həmin rayonun Gürcüstana yaxın olmasıdır. Qarğıdalının Azərbaycanda yayılması haqqında daha dəqiq məlumat yoxdur.
Bir çox ölkələrdə qarğıdalının fərqli adları vardır. Azərbaycanda isə, bölgələrdən asılı olaraq bu bitkinin başqa-başqa adları vardır, məsələn: Abşeronda qarğıdalıya “peyğəmbəri”, Naxçıvan MR- da, Lənkəranda “məkkə-buğda”, Balakən, Zaqatala bölgəsində “yekə buğda” deyilir. Qonşu Dağıstan Respublikasında qarğıdalı “hacı-buğda”, Türkmənistan və Özbəkistanda isə “məkkə guqara” adı ilə tanınır. Azərbaycanda bu bitkinin ümumi tanınan adı “qarğıdalı”-dır. Digər adların mənşəyi isə Səudiyyə Ərəbistana müsəlmanların Həcc ziyarəti etdikləri Məkkə şəhəri ilə bağlıdır. Buna istinadən fərz etmək olar ki, Qafqaza qarğıdalı məhz Gürcüstanla ticarət əlaqələri olan Yaxın Şərqdən də gələ bilərdi.
Bu bitkinin dünya miqyasında yayıldığı ərazi çox böyükdür. O, tropik ərazilərdən başlamış Skandinaviya ölkələrinə qədər yayılmışdır.