2.3.3. Növbəli əkində dövriyyələrin tərtib olunması

Əkin dövriyyələrində bütün bitkilərdən

yüksək məhsul almaq üçün onları elə əkmək lazımdır ki, birinci il əkilən bitki özündən sonra ikinci il əkilən bitki üçün torpaqda yaxşı qida toplasın. Ancaq elə bitkilər var ki, onları iki ildən artıq eyni ərazidə əkmək olmaz. Belə bitkilərdən şəkər çuğunduru (Şəkil 2.11) və günəbaxanı (Şəkil 2.16) misal göstərmək olar. Çünki belə bitkilər torpaqdan suyu çox istifadə etdiklərinə görə onlardan sonra əkilən bitkilərin məhsuldarlığı son dərəcə aşağı düşür. Paxlalı bitkilərdən olan noxud (Şəkil 2.17), mərci (Şəkil 2.18), lərgə (Şəkil 2.19) bitkilərindən sonra lobya (Şəkil 2.20), soya (Şəkil 2.21) və s. bitkilərin əkilməsi məsləhət deyil. Çünki bunların hamısı torpağı azotla zənginləşdirir. Yəni birinci il əkilən noxud bitkisi torpağı azotla zənginləşdirir, onun yerinə ikinci il əkilən soya da torpağı azotla zənginləşdirir və soya bitkisi noxudun topladığı azotdan istifadə etmir. Çünki soya bitkisi özü də torpaqda azot toplayır. Ona görə də bunlardan sonra elə bitki əkmək lazımdır ki, toplanan azotdan istifadə etsin. Bu bitkilərdən sonra dənli bitkilərin (taxılların) əkilməsi daha vacibdir. Çünki torpaqda toplanan azot və digər qida maddələri dənli bitkilər tərəfindən yaxşı istifadə olunur.

Torpaqların keyfiyyəti, əkilən bitkilərin növü və regionların xüsusiyyətlərindən asılı olaraq bitkiləri hər il eyni yerdə əkmək olmaz. Əgər bu il buğda əkilibsə, gələn il torpağı gücləndirən başqa bir bitki əkilməlidir. Buna görə də bitkilərin əvəz edilməsi ilə növbəli əkin sisteminin tətbiq edilməsi vacibdir.

Şəkil 2.17. Noxud bitkisi (paxlalı)
Şəkil 2.18. Mərci bitkisi (paxlalı)
Şəkil 2.19. Lərgə bitkisi (paxlalı)
Şəkil 2.20. Lobya bitkisi(paxlalı)