Senat, konsul, tribun, qladiator, respublika, triumf
Roma dövlətinin yaranması. Roma dövləti Apennin yarımadasında yaranmışdır. Yunanlar Aralıq dənizində üzərkən Apennin yarımadasının cənub hissəsinin zəngin otlaqlarını görmüş və buranı İtaliya, yəni “buzovlar ölkəsi” adlandırmışdılar.
E.ə. 1-ci minilliyin əvvəllərində Apennin yarımadasında müxtəlif tayfa və xalqlar yaşayırdılar. Onların arasında ən çox inkişaf etmiş xalq etrusklar idi.
Roma dövlətinin yaranması və onun inkişaf mərhələlərini müəyyən edin.
Rəvayətə görə, latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz doğulmuş iki oğlunu - Romulu və Remi Tibr çayına atmağı əmr edibmiş. O qorxurdu ki, uşaqlar böyüdükdən sonra onu taxtdan məhrum edərlər. Bu zaman Tibr çayı daşır, içərisində uşaqlar olan səbət ağacın budağına ilişib qalır. Uşaqlar xilas olurlar. Bir dişi canavar onları öz südü ilə bəsləyir, sonra isə uşaqları bir çoban tapıb tərbiyə edir. Qardaşlar böyüyüb güclü və cəsarətli döyüşçü olurlar. Onlar şaha qarşı üsyan qaldırıb, onu öldürürlər. Bundan sonra Romul və Rem şəhər salmaq qərarına gəlirlər, lakin şəhərin harada salınması və gələcəkdə oranı kimin idarə edəcəyi haqqında mübahisə edib dalaşırlar. Qəzəblənən Romul Remi öldürür. O, çobanın onları tapdığı yerdə şəhər salır və orada şahlıq etməyə başlayır. Bu şəhər Romulun adı ilə Roma adlandırılır.
Romalılar il hesabını öz şəhərlərinin salındığı əfsanəvi ildən - e.ə. 753-cü ildən hesablayırdılar. Romada Kapitoli təpəsində dişi canavarın heykəli qoyulmuşdu.