Əbdülkərim bəy Mehmandarov həkim kimi də fəaliyyət göstərmişdir. O, 1877-ci ildə Peterburq Tibbi Cərrahlıq Akademiyasını bitirmiş, 1883-cü ildən başlayaraq Qarabağda həkim kimi çalışmışdır. Qeyd edək ki, artıq XX yüzilin ilk illərində Şuşada şəhər xəstəxanası fəaliyyət göstərirdi.

XX yüzilin əvvəllərindən başlayaraq Şuşa erməni separatçılığının yönəltdiyi milli ədavət, milli qovğa meydanına çevrilir, azərbaycanlılar ermənilər tərəfindən talana, qarətə, qırğınlara məruz qalırlar. 1918-ci ildən əsl genosid siyasəti ilə üzləşən Şuşanın azərbaycanlı əhalisi yalnız Azərbaycan milli dövləti yarandıqdan sonra - Cümhuriyyət dönəmində asayişdə yaşamağa müvəffəq ola bildi. 1920-ci ilin martında erməni separatçılarının Şuşada yaratdığı gərginlik 2 ay sonra bolşevik ordu hissələrinin zorakı müdaxiləsi ilə müşayiət olundu. 1920-ci il iyunun 15-də Şuşa bolşeviklər tərəfindən zəbt edildi və Qarabağın yuxarı hissəsinin müqəddəratı yönündə verilən qərara əsasən, şəhər Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil edildi.

1977-ci ildə Azərbaycan memarlığı tarixi qoruğu elan edilən, “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi” adlandırılan Şuşa şəhərinin ən qiymətli sərvəti, əslində, onun insanlarıdır. Hələ şəhər salınarkən, əsasən, kübar təbəqənin məskunlaşdığı mühitin nəsildən-nəslə ötürülən mənəvi gücü elit mədəniyyəti formalaşdırdı. Həmin mədəniyyətin daşıyıcıları bu gün Azərbaycan Respublikasının müxtəlif rayonlarına yerləşdirilən şuşalılardır: məğrur, qürurlu “Qala” insanları.

Firdovsiyyə Əhmədova