Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər, tədris ocaqlarında dərslər dayandırılır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanır. Fəhlə və qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir. Karantin zonasına yalnız mülki müdafiə qərargahı rəisi tərəfindən xüsusi icazəsi olanlar buraxılır. İşini davam etdirən obyektlər xüsusi rejimə keçirilir, işçiləri kiçik qruplara bölünür, onlar arasında əlaqə azaldılır. Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur. Ərzaq və su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti axırıncı xəstənin təcridindən, şəxsi heyətin tam sanitar təmizlənməsi və yoluxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra ləğv edilir.

Kütləvi xəstələnmə təhlükəsi olmadıqda observasiya rejimi təyin olunur.

Observasiya epidemiya ocağında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-profilaktik tədbirlər sisteminə deyilir.

Observasiya zamanı görülən işlərə aşağıdakılar daxildir:

1. Giriş-çıxışın məhdudlaşdırılması;

2. İnfeksion xəstələrin müəyyənləşdirilməsi, təcrid edilməsi və hospitallaşdırılması, əhalinin sanitar təmizlənməsi;

3. Təcili profilaktik tədbirlərin görülməsi, sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlərin gücləndirilməsi.

Observasiya zamanı bütün müalicə-profilaktika tədbirləri olduğu kimi aparılır, yalnız təcridetmə tədbirləri yüngülləşdirilir. İnfeksion zədələnmə ocağında əhali tibb xidmətinin qoyduğu bütün tədbirlərə ciddi riayət etməlidir. Profilaktik peyvəndlərin keçirilməsindən və dərman qəbulundan heç kim imtina etməməlidir. Observasiya müddəti son xəstə təcrid olunduqdan, dezinfeksiya işləri başa çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəxslər bu məqsədlə yaradılmış observasiya məntəqələrində yerləşdirilir, daimi nəzarət altında saxlanılır. Bəzən müşahidə zamanı profilaktik peyvəndlər aparılır. Müşahidə olunan şəxslər arasında xəstələr aşkar edilərsə, onlar təcrid edilir, digərləri yenidən sanitar təmizləmədən keçirilir, otaqlar dezinfeksiya olunur, observasiya müddəti uzadılır. Bu müddət başa çatdıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını tərk edir və onlara əmək qabiliyyətini itirmə vərəqəsi verilir, observasiya məntəqələrində son dezinfeksiya işləri aparılır. Karantin və observasiya zonalarında əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantin və observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfeksiya, dezinseksiya və deratizasiya həyata keçirilir.