İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə olur. İşıq impulsunun ölçü vahidi kal/m2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranmış işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirin qısa müddətdə olmasına baxmayaraq, işıq şüalanması xeyli məsafədə bədənin yanıqlarına, gözlərin korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsi və əriməsinə, yaşayış məntəqələrində, meşələrdə yanğına səbəb olur. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə azaldır. Sığınacaq və daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.

Nüfuzedici radiasiya nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma şüaları və neytron selindən ibarətdir. Nüfuzedici radiasiya, tərkibindəki qamma şüalanma da nəzərə alınmaqla, nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə təsir edir. Lakin bu qısa müddət ərzində mühafizə edilməmiş insanlar şüa xəstəliyinə tutulurlar. Radiasiyanın təsiri ondan ibarətdir ki, qamma şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə orqanizmdə maddələr mübadiləsinin pozulmasına, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüalanmış şəxs bunu hiss etmir. Əlamətləri müəyyən müddətdən sonra üzə çıxır. Xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.