5.4. Elektrostatik induksiya

Şəkildə ebonit çubuğun hissəsi vs ondan uzaqda yerləşmiş metal sfera təsvir edilmişdir (a).
  • Təsvirə əsasən ebonit çubuğun və sferanın elektrik yükləri haqqında nə söyləmək olar?
  • Ebonit çubuğu metal sferaya yaxınlaşdırdıqda bu cisimlərdə elektrik yüklərinin paylanmasında hansı dəyişiklik baş verər?

ARAŞDIRMA-1

  • Cismin toxunma olmadan elektriklənməsi

Təchizat: dielektrik ştativ, ipək sapdan asılan alüminium giliz, ebonit (və ya şüşə) çubuq, yun parça.
İşin gedişi: elektriklənən ebonit çubuğu sapdan asılan gilizə yaxınlaşdırın və müşahidə etdiyiniz hadisənin səbəbini yoldaşlarınızla müzakirə edin.
Nəticəni müzakirə edin:

  • Elektrik cəhətdən neytral cismə elektriklənmiş çubuğu yaxınlaşdırdıqda nə üçün o, çubuğa cəzb olunur (a)?

Araşdırmadan müəyyən etdiniz ki, cismi elektriklənmiş digər cismə toxundurmadan da elektrikləndirmək mümkündür.

  • Cisimlərin toxunma olmadan elektriklənməsi təsirlə elektriklənmə və ya elektrostatik induksiya adlanır. Elektrostatik induksiya nəticəsində cisimdə yüklərin yenidən paylanması hadisəsi baş verir.

Elektrostatik induksiya hansı səbəbdən baş verir?
Ebonit çubuğu elektrikləndirib, məsələn, müsbət yüklə, alüminium gilizə yaxınlaşdırdıqda gilizdəki sərbəst elektronlar çubuğa doğru cəzb olunur. Nəticədə gilizin çubuğa yaxın hissəsinə sərbəst elektronlar toplandığından mənfi yüklə elektriklənir. Gilizin çubuqdan uzaq hissəsi isə elektron çatışmazlığından müsbət yüklənir. Mənfi yüklər çubuğa daha yaxın yerləşdiyindən giliz çubuğa cəzb olunur (c).
Oxşar hadisə elektriklənmiş cismi yüksüz dielektrikə yaxınlaşdırdıqda da baş verir. Bu zaman dielektrikin səthində müxtəlif işarəli yüklər yaranır: cismə yaxın hissədə onunla əks işarəli yüklər yaranır. Bu səbəbdən dielektrik və cisim arasında qarşılıqlı cəzbetmə hadisəsi baş verir. Qeyd edək ki, dielektrikin səthində elektrik yükləri sərbəst elektronların hesabına deyil (dielektrikdə sərbəst elektron yoxdur), dielektrik molekulunun dönməsi və ya formasını dəyişməsi hesabına yaranır.