Rus dövlətində təhkimçilik hüququ bərqərar olurdu. Bu, kəndlilərin boyarlardan (feodallardan) tam asılı hala salınması demək idi. Kəndli artıq boyar torpağını tərk edib gedə bilməzdi. Onun bütün hüququ boyarda idi. Qəddarlığı ilə məşhur olan çar IV İvan Qroznı (1533—1584) boyarlara ağır zərbə vuraraq yeni qaydalar tətbiq etdi. Yeni qaydalar mərkəzi hakimiyyət əleyhinə olan boyar qüvvələrini ləğv etmək məqsədi güdürdü.

XVI əsrin 50-ci illərində türk xanlıqları olan Qazan xanlığı və Həştərxan xanlığı Rusiyaya tabe edildi. Əsrin sonlarında Sibir torpaqları da Rusiyanın tərkibinə qatıldı.

Qərb slavyanlarının dövlətləri. X əsrdə qərb slavyanlarının da dövlətləri yarandı. Həmin əsrin əvvəllərində Çexiya dövləti meydana gəldi. Onun ərazisi mühüm ticarət yollarının üstündə yerləşirdi. Bu da dövlətin inkişafına müsbət təsir göstərirdi. Elə buna görə də Praqa Avropanın ən böyük şəhərlərindən birinə çevrilmişdi.

X əsrin ortalarında Polşa dövləti meydana gəldi. Knyaz I Boleslavın dövründə Polşa dövləti qüvvətləndi. «İgid Boleslav» ləqəbi daşıyan bu knyaz bütün Polşa torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdi.

  1. Konstantinopol, indiki İstanbul şəhərinin digər şəhərlərdən üstün cəhətlərini göstər.
  2. IX əsrə qədər slavyanların hansı quruluşda yaşadıqlarını faktlarla sübut et.
  3. Moskva knyazlığının işğalçılıq siyasətinə əsaslandırılmış münasibət bildir.
  4. Moskva knyazlığının işğalçılıq siyasəti ilə Rusiya dövlətinin işğalçılıq siyasətini müqayisə et və onlara qiymət ver.
  5. Slavyanların yaşadıqları əraziləri müasir xəritədə göstər.