Teymur istila etdiyi ölkələrin hesabına dövlətini inkişaf etdirir, yeni şəhərlər saldırırdı. Ən yaxşı sənətkarları, memarları Səmərqəndə köçürürdü.
Teymur Çingiz xanın nəslindən olan Toxtamışın Qızıl Ordu dövlətində hakimiyyətə gəlməsinə kömək etdi. Bununla da onu öz vassalına çevirdi. Lakin bir qədər sonra Toxtamış da Böyük Monqol imperiyasının Qafqaz və Ön Asiya üzərində hakimiyyətini bərpa etmək fikrinə düşdü. Bu məqsədlə dəfələrlə bu ərazilərə yürüşlər etdi. Toxtamışın Teymurun himayəsi altında olan Azərbaycana hücum etməsi və paytaxt Təbrizə qədər gəlməsi Teymurun qəzəbinə səbəb oldu. Azərbaycan Toxtamışla Əmir Teymurun maraqlarının kəsişdiyi məkan idi. Teymur Azərbaycandan digər ərazilərə hücum üçün dayaq nöqtəsi kimi istifadə edirdi. Ona görə də böyük oğlunu bu ərazilərə hakim təyin etmiş, Şirvanşah I İbrahimlə ittifaq bağlamışdı. Toxtamışın hücum xəbərini alan Teymur Azərbaycana yetişmək üçün 1387-ci ildə İrana yürüş etdi. Teymurla birlikdə onun müttəfiqi olan Şirvanşahlar dövlətinin döyüşçüləri də Toxtamışa qarşı vuruşurdu.
Əmir Teymur 1395-ci ildə Toxtamışı məğlubiyyətə uğratdı. Qızıl Ordu dövləti zəifləyib sonralar xanlıqlara parçalandı.
Bundan sonra Əmir Teymur Ön Asiya, Kiçik Asiya, Qafqaz, Suriya üzərinə yürüşlərə başladı. Hindistana edilən yürüş Teymur üçün uğurlu oldu. Dehlini tutub böyük sərvətlə Səmərqəndə qayıtdı. Növbəti yürüş Osmanlılar üzərinə oldu.
Osmanlı qoşunları Avropanın içərilərinə doğru irəliləyir və Osmanlı dövləti imperatorluğa çevrilirdi. Ankara döyüşündə Əmir Teymur I Bəyazidə qalib gəldi. İldırım Bəyazid əsir alındı. İmperiyanın torpaqları I Bəyazidin oğulları arasında bölündü.