İnklərin ölkəsi Peru idi. Ölkənin paytaxtı Kusko Amerikanın ilk şəhərlərindən sayılırdı. İnklərin dövlətində hər şey müharibənin tələblərinə tabe edilmişdi. Ölkədə kimin əkinçiliklə, kimin isə hərbi işlə məşğul olması dövlət tərəfindən müəyyən edilirdi. Peru dağlıq ölkə olduğundan yollar, əsasən, tunellərdən və asma körpülərdən ibarət idi. Ölkənin ayrı-ayrı əyalətləri arasında poçt rabitəsi yaradılmışdı.

Kolumbun Amerikanı kəşf etməsi. XV əsrdə Yerin kürə şəklində olması haqqındakı qədim fikirlər öz təsdiqini tapmaqda idi. Bəzi alimlər hesab edirdilər ki, qərbə tərəf üzməklə gedib Hindistana çıxmaq olar. Hindistana səfərə çıxmaq arzusu əslən italyan olan Xristofor Kolumbu İspaniyaya köçməyə vadar etmişdi. O bu məqsədlə İspaniya kralına müraciət edir. Kral Kolumba müsbət cavab verib, onu gələcəkdə ələ keçirəcəyi ərazilərə hakim təyin edir və maddi kömək göstərir.

X.Kolumb 1492-ci ilin yayında 3 karavellada İspaniyadan Atlantik okeanı vasitəsilə qərbə doğru yola düşdü. 70 gündən sonra Kolumb indiki Kuba və Haiti adalarına çıxdı. Lakin nə qızıl, nə də başqa qiymətli sərvət tapmadı. Salamat qalmış bir gəmi ilə İspaniyaya qayıtdı. Kolumb həmin yolla daha üç dəfə səfərə çıxdı. Kolumbun sərvət axtarışları nəticəsiz qaldı. İspaniya hökuməti Kolumbu verdiyi fəxri adlardan məhrum etdi.

Xristofor Kolumb