Xəlil Rza Ulutürk

O SAHİLDƏ, BU SAHİLDƏ

Gurşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu
O sahildə, bu sahildə!

Bir-birindən cida düşdük,
Dirigözlü oda düşdük.
Biz yadlara neyləmişdik?!
O sahildə, bu sahildə!

Ürək dustaq, Vətən məhbəs,
Hanı Babək, Cavanşir bəs?
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildə!

Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də , bu sahil də!