Ekvatora yaxın ərazilərdə isti rütubətli ekvatorial hava, tropik enliklərdə isti və quru tropik hava, mülayim enliklərdə nisbətən rütubətli və mülayim hava, qütbyanı ərazilərdə isə şaxtalı, quru, arktik və antarktik hava kütlələri hakimdir.
Hava kütlələrinin xüsusiyyətlərinə uyğun olaraq, 13 iqlim qurşağı ayrılır: 7 əsas və 6 keçid (a).
a Dünyanın iqlim qurşaqları
Əsas iqlim qurşaqlarının özünəməxsus hava kütlələri olduğu halda, keçid iqlim qurşaqlarının öz hava kütlələri olmur. Onlar əsas iqlim qurşaqlarının hava kütlələrinin təsiri ilə yaranır. Məsələn, subtropik qurşaqda yayda əsasən tropik, qışda mülayim hava kütlələri, subekvatorial qurşaqda isə yayda ekvatorial, qışda tropik hava kütlələri hakimdir.
İqlim qurşaqlarının coğrafi paylanmasında Yer səthinin müxtəlifliyinin, yəni okean və qurunun qeyri-bərabər paylanmasının və relyefin rolu böyükdür. Avrasiyanın qərb sahilləri Atlantik okeanı üzərindən gələn rütubətli qərb küləklərinin təsirinə məruz qalır, materikin daxili rayonlarında okeanların təsiri zəiflədiyinə görə isti və quru iqlim formalaşır. Avstraliyanın qərb sahilləri isə, əksinə şərq sahillərinə nisbətən daha az rütubətlənir. Çünki şərq sahilləri cənub passat küləklərin təsiri altındadır.