18. XARİCİ AMİLLƏRİN RELYEFƏ TƏSİRİ

Mağaralar qədim insanların sığınacaq yeri olmuşdur. İlk yaşayış məskənlərindən biri olan Azıx mağarasında insanlar 700 min il əvvəl yaşamışlar.

  • Sizcə, mağaralar necə yaranır?
Fəaliyyət

Süxurların su keçirmə qabiliyyətinin müəyyən edilməsi.

Təchizat: qum, gil, gips, 3 ədəd şəffaf qıf, 3 stəkan, tənzif və ya süzgəc kağızı, su dolu qab.

İşin gedişi: 1. Qıfların içinə süzgəc kağızı və ya tənzif sərin. 2. Qum, gil və gipsi ayrı-ayrı qıflara yığın. 3. Qıfları stəkanlara qoyun və su əlavə edin. 4. Suyun süxurlardan süzülməsini müşahidə edin.

Müzakirə edək: 1. Su hansı süxurlardan daha sürətlə, hansılardan isə zəif süzülür? 2. Suyun süxurlara təsiri nəticəsində relyefdə hansı dəyişikliklər baş verə bilər? 3. Sizcə, daha hansı amillər relyefin yaranmasında iştirak edə bilər?

Endogen qüvvələrin təsiri ilə yaranmış relyef formaları yarandığı vaxtdan xarici qüvvələrin – küləyin, temperaturun, səth və yeraltı suların, buzlaqların, okean dalğalarının və s. təsirinə məruz qalır. Onların fəaliyyəti ekzogen proseslər adlanır. Ekzogen proseslərin təsiri nəticəsində süxurlar aşınır, yəni parçalanır.

Aşınmanın 3 növü var: fiziki, kimyəviüzvi. Havanın temperaturunun gün ərzində dəyişməsi ilə süxurlar istidən genişlənir, soyuqdan isə sıxılır. Nəticədə süxurlar parçalanır - fiziki aşınma baş verir. Bu proseslər səhralarda daha sürətli olur. Aşman toz və qum hissəcikləri küləyin təsiri ilə defliyasiyaya məruz qalır, havada sovrulur, nəticədə səhralarda barxandyunlar yaranır. Barxan təpələri oraq formasında olur. Külək tutan yamac az meyilli, külək tutmayan yamac isə dik olur. Dyunlar və ya qum təpələri küləyin təsiri ilə yerini dəyişməsi ilə fərqlənir. Küləyin fəaliyyəti ilə yaranan belə formalar eol relyef adlanır. Canlı orqanizmlərin təsiri ilə də süxurlar parçalanır. Bu proses üzvi aşınma adlanır. Süxurların suda həll olub tərkibini dəyişərək dağılması kimyəvi aşınmadır. Kimyəvi aşınma rütubətli ərazilərdə daha intensiv baş verir.

Suyun, küləyin və buzlaqların təsiri ilə süxurlar parçalanır və dağılır. Bu proses eroziya adlanır.

Eroziyanın təsiri ilə Yer səthində müxtəlif relyef formaları yaranır. Yeraltı sular suda həll olunan süxurları (əhəngdaşı, gips, dolomit və s.) yuyaraq boşluqlar – mağaralar yaradır.