1915-ci ildə “Neft və milyonlar səltənətində” adlı bədii film çəkildi. Filmin çəkilişini Bakının neft milyonçuları maliyyələşdirmişdilər. Filmin rejissoru rusiyalı Boris Svetlov olsa da, bu film Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun eyniadlı əsəri əsasında çəkilmişdir. Baş rolu isə görkəmli Azərbaycan aktyoru Hüseyn Ərəblinski ifa etmişdir. Ona görə də bu film ilk Azərbaycan bədii filmi hesab olunur.

“Neft və milyonlar səltənəti”nin ardınca 1916-cı ildə Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında “Arşın mal alan” filmi çəkildi.

20-ci illərdə Bakıda kino sənayesi inkişaf etməyə başladı. Filmlər çəkmək üçün kinostudiya yaradıldı, kinoteatrlar açıldı.

Hüseyn Ərəblinski Azərbaycanın ilk peşəkar aktyoru və rejissorudur. 1881-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan tarixində ilk teatr tamaşaları onun adı ilə bağlıdır. “Neft və milyonlar səltənətində” filmi Ərəblinskinin çəkildiyi ilk və son filmdir.

Azərbaycanda ilk səsli film 1935-ci ildə çəkildi. Bu, “Mavi dənizin sahilində” bədii filmi idi. İlk rəngli film isə bundan 21 il sonra çəkildi. Şahidlərin xatirələrinə görə, həmin il Bakı kinoteatrlarında tamaşaçılar bu filmə – “O olmasın, bu olsun” kinooperettasına baxmaq üçün kassalarda uzun növbələrə düzülürdülər.

Söz mücrüsü
kinoxronika kinosüjet
operetta kinostudiya

XX əsrin ikinci yarısında Azərbaycan kinosu böyük bir inkişaf yolu keçdi. Müxtəlif janrlarda bədii və sənədli filmlər çəkildi. Rejissor, aktyor və operatorlardan ibarət böyük bir kinematoqrafçılar ordusu yarandı. Bir çox Azərbaycan filmləri xarici ölkələrdə nümayiş olunaraq ölkəmiz və xalqımız haqqında həqiqətləri bütün dünyaya çatdırdı.