Kompüter şəbəkəsi dedikdə bir-biri ilə hansısa qaydada birləşmiş serverlər, işçi
stansiyalar, noutbuklar, cib kompüterləri, printerlər, şəbəkə saxlancları və başqa
qurğular nəzərdə tutulur. Birləşmələri həyata keçirmək üçün müxtəlif növ
şəbəkə kabellərindən, telefon və ya peyk kanallarından istifadə edilir, son
zamanlar isə simsiz həllər (WLAN, Wi-Fi, Wi-MAX) daha çox yayılır. Kabelli
bağlantılarda, adətən, onların uclarına bərkidilən xüsusi bağlayıcılardan
(konnektorlardan) istifadə edilir. Bu kabelin bir ucu kompüterdə quraşdırılmış
və onu şəbəkəyə qoşmağa imkan verən xüsusi çap lövhəsinə ("genişləndirmə
kartı"na) -
şəbəkə adapterinə, o biri ucu isə hansısa
rabitə qurğusuna (toparlayıcı, körpü, kommutator, yönləndirici, şəbəkə keçidi) taxılır. Əgər simsiz
şəbəkə adapterindən istifadə edilirsə, onda şəbəkədə qarşılıqlı əlaqə adapter ilə
lokal şəbəkəyə birləşdirilmiş
erişim nöqtəsi arasında radiosiqnalların ötürülməsi
hesabına həyata keçirilir
Ancaq kompüterləri bir-biri ilə birləşdirmək yetərli deyil - onlar arasında
"ünsiyyəti" də qurmaq lazımdır. Bunun üçün eyni protokollar toplusu, yaxud
kompüterlərin şəbəkədə danışdığı dilləri dəstəkləyən şəbəkə əməliyyat sistemləri
tələb olunur. Yalnız bundan sonra şəbəkə proqramını başlatmaqla, məsələn,
dünyanın o biri başındakı birisi ilə söhbət etmək olar.