Vaxtında alınmış, düzgün emal olunmuş və dəqiq təqdim edilmiş informasiya
çox zaman verilən qərarların səmərəliliyini və deməli, onların nəticələrini
yüksəldir.
Verilənlər bazasına əsaslanan avtomatlaşdırılmış
informasiya sistemləri ötən əsrin 60-cı illərində öncə hərbi sənaye sahəsində meydana çıxdı,
sonra isə çox böyük həcmdə ilkin verilənlərin toplandığı başqa sahələrə keçdi.
İlk verilənlər bazaları kimya, nüvə fizikası, kosmonavtika və informasiya ilə
işləmək üçün sistemli yanaşmanın tələb olunduğu digər elm sahələrində öz
tətbiqini tapdı. Kompüterləşmənin sonrakı inkişafı elə bir vəziyyət yaratdı ki,
verilənlər bazaları, demək olar, insan fəaliyyətinin bütün sahələrində tətbiq
olundu. Onlardan kənd təsərrüfatından tutmuş maliyyə sistemlərinədək iqtisadiyyatın çeşidli
sahələrində istifadə edilməyə başlandı.
Verilənlər bazalarının ən böyük tətbiq sahəsi isə, şübhəsiz, İnternetdir.