Diqqət!
• Bəzi axtarış sistemləri (məsələn:
Google) axtarış
nəticələrini başqa dillərə də tərcümə edir.
• Müxtəlif axtarış sistemlərindən
istifadə etmək çox zaman faydalı olur. Bundan əlavə, hər hansı bir
axtarış sisteminin veb-saytları indeksləməsi üçün tərtib edilmiş öz
fərdi alqoritmi var. Ona görə də müxtəlif sistemlərdə axtarışın
nəticələri də fərqli ola bilər.
İnternet genişlənməkdə davam etdiyindən və ora getdikcə daha çox
səhifə əlavə olunduğundan səmərəli axtarış üçün yeni yanaşmalar və
strategiyalar tələb olunur. Yadda saxlayın ki, axtarışınız nə qədər
spesifik olarsa, axtardığınızı tapmaq ehtimalı da bir o qədər böyük
olacaq. Bunun üçün nəyi axtardığınızı axtarış sisteminə dəqiq
bildirməli və müxtəlif üsullardan istifadə etməyi bacarmalısınız.
Əgər siz bir-birinin ardınca gələn sözləri tapmaq istəyirsinizsə,
onda ən yaxşı yol
fraza üzrə axtarışdır.
Fraza dırnaq içərisində daxil edilir və axtarışda yalnız bu
ardıcıllıqla gələn sözlər nəzərə alınır; məsələn, əgər sizə nərə
balığı ilə bağlı informasiya lazımdırsa, dırnaq işarəsi arasında
“nərə balığı” ifadəsini
daxil edin. Nəticədə bir-biri ilə yanaşı duran “nərə balığı”
sözlərinin olduğu veb-saytlar seçiləcək. Əgər dırnaq işarələri
qoyulmasa, axtarış sistemi həm “nərə”, həm də “balığı” sözlərinin
olduğu bütün veb-səhifələri tapıb çıxaracaq.
Əgər bir neçə ifadə üzrə axtarış aparırsınızsa, onda mürəkkəb
ifadələri, yaxud xüsusi isimləri bir-birindən vergüllə ayıra
bilərsiniz. Xəzər dənizində yaşayan nərə balıqları haqqında məlumat
tapmaq üçün
“nərə balığı”, “Xəzər dənizi”
daxil edəcəksiniz. Xüsusi isimləri böyük hərflə yazmaq daha
məqsədəuyğundur, çünki bəzi axtarış sistemləri aşağı və yuxarı
registrli hərfləri bir-birindən fərqləndirir. Digər tərəfdən əgər
siz xüsusi isim kimi, məsələn, “Çiçək” sözünü böyük hərflə yazsanız,
onda axtarış nəticəsi “çiçək” sözünə görə axtarışla müqayisədə daha
az olacaq.
Qeyd olunduğu kimi, axtarış nəticəsində sizə lazım olmayan çoxlu
sayda veb-səhifələr də nəticə siyahısına düşə bilər. Bunun qarşısını
almaq, yəni istəmədiyiniz siyahını süzgəcdən keçirmək üçün
riyazi əməllər vasitəsilə axtarış
apara bilərsiniz:
• görünməsini istədiyiniz sözlərin önünə plyus işarəsi (+) qoyun;
• görünməsini istəmədiyiniz sözlərin önünə minus işarəsi (-) qoyun;
• təyinedicisi (+, yaxud - işarəsi) olmayan sözlər zərurət olmadıqda görünmür, ancaq yenə də axtarışın çeşidlənməsində iştirak edir.
Axtarış sahəsində +çiçək+balı göstərsəniz, axtarış nəticəsində yalnız hər iki sözün
olduğu səhifələr görünəcək.
İnternetdə axtarışın bir yolu da məntiqi əməllər vasitəsilə axtarış aparmaqdır. O,
riyazi əməllər vasitəsilə axtarışa oxşar prinsiplə işləyir, ancaq daha güclüdür. Bunun
üçün üç məntiqi əməldən istifadə olunur:
• AND (VƏ)
• NOT (DEYİL)
• OR (VƏYA)