Biliklər bazası (knowledge base)
verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa
sözlə, biliklər bazası müəyyən sahədə insanların (mütəxəssislərin)
topladığı biliklərdən ibarətdir.
Məntiqi nəticəçıxarma mexanizmi (inference engine)
isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə
qabiliyyətini gerçəkləşdirir. Məntiqi nəticəçıxarma mexanizmi
ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır;
sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil
edilən informasiya onun (məntiqi nəticəçıxarma mexanizminin) köməyi
ilə bu faktlar və qaydalarla tutuşdurulur.
Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın)
əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. Başqa
tətbiqi proqramlarda olduğu kimi, istifadəçi interfeysi sorğuları
formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə rahat
yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert
sistemlərinin ən maraqlı komponentlərindən
biri olan
açıqlama modulunun (explanation module)
köməyi ilə sistem çıxardığı nəticələri izah edir; bu modul sistemi
hazırlayanlara onun işini yoxlamaq imkanı verir. İlk ekspert
sistemləri 1960-cı illərdə meydana çıxıb; onlar kimya, geologiya,
tibb, bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq
olunur.
Ekspert sistemlərinin, eləcə də başqa intellektual sistemlərin həll
etdiyi məsələlərdə bəzən dəqiq olmayan bilik və faktlardan istifadə
olunur. Belə bilik və faktların tam doğru və ya tam yalan (1 və ya 0)
olduğunu demək mümkün deyil; məsələn, elə bilik var ki, onun
doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək olar. Bu problemin həlli
üçün ekspert sistemlərində və süni intellektin başqa proqram
sistemlərində
bulanıq məntiqdən (fuzzy logic)
istifadə olunur. Bu məntiqdə dəyişənlər 0 (yalan) və 1 (doğru)
aralığındakı istənilən qiymət ala bilər.
Bulanıq məntiqdə əməliyyatın nəticəsi müəyyənlik termini ilə
deyil, ehtimal terminləri ilə ifadə olunur; məsələn, nəticə
“doğru” və “yalan” qiymətləri ilə yanaşı, “yəqin, doğru”, “ola
bilsin, doğru”, “yəqin, yalan”, “ola bilsin, yalan” kimi qiymətlər
də ala bilər.
Süni intellekt məsələlərinin həlli, eləcə də ekspert
sistemlərinin yaradılmasında istifadə məqsədilə bir neçə xüsusi
proqramlaşdırma dili işlənib-hazırlanmışdır. Bu dillərdən Prolog
və LISP daha geniş istifadə olunur.
Məntiqi proqramlaşdırma dili olan Prolog
(“Programming in Logic”
sözlərinin qısaltması) 1972-ci ildə meydana çıxmışdır.
Bildiyiniz kimi, adi proqramlaşdırmada kompüter qoyulmuş
məsələni həll etmək
Lütfi Zadə
(1921-2017)
Riyaziyyatçı və məntiqçi, bulanıq çoxluqlar və bulanıq məntiqin banisi. Lütfəli Rəhim
oğlu
Ələsgərzadə Bakıda anadan olmuş, ailəsi 1931-ci ildə İrana,
1944-cü ildə isə oradan ABŞ-a
köçmüşdür.
1965-ci ildə çap etdirdiyi məqalə ilə
bulanıq çoxluqlar nəzəriyyəsinin əsasını qoymuşdur. 1973-cü ildə bulanıq
məntiq (fuzzy logic) nəzəriyyəsini,
sonra isə yumşaq hesablamalar (soft
computing) nəzəriyyəsini təklif etmişdir.
2017-ci il sentyabrın 6-da ABŞ-da
dünyasını dəyişən görkəmli alim vəsiyyətinə əsasən Bakıda dəfn edilmişdir.