Süni sistemlərin “intellektuallığını” müəyyənləşdirmək üçün ingilis
riyaziyyatçısı Alan Türinq bir sınaq təklif etmişdir.
Türinq sınağı (Turing test)
adlandırılan bu sınaq xəyali kompüterin “intellektinin” insanın
intellektindən nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.
Həm də
imitasiya oyunu (imitation game)
adlandırılan Türinq sınağı zamanı sınaqçı iki görünməz respondentə -
insana və maşına - onlardan hansının insan, hansının maşın olduğunu
müəyyənləşdirməkdən ötrü bir sıra suallar verir. İdeya ondan
ibarətdir ki, maşınla əlaqədar olan kimsə onun cavablarını insanın
cavablarından fərqləndirə bilməsə, onda maşın intellektual hesab
edilə bilər.
Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan keçirilən
“intellektual” sistemdir. Hər bir iştirakçı ayrıca otaqda
yerləşdirilir. Onların qarşısında monitor və klaviatura olur.
Ekranda o biri iştirakçıların adları göstərilir. Onların hər biri
bilir ki, bu adlardan biri kompüterə məxsusdur, ancaq bunun hansı
ad olmasını heç kəs bilmir. İştirakçılar klaviaturadan istifadə
etməklə bir-birinə istənilən sualı verə bilər, sonra isə həmin
sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər:məsələn,
“Sizin fikrinizcə, sabah hava necə olacaq?”
sualına həmsöhbətinizdən belə bir cavab eşitmək qəribə olardı:
“Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə
qısamüddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur
+10...+12°C olacaq".
Verilən cavablara görə hər bir iştirakçı insan onun
həmsöhbətlərindən hansının insan olmadığını sezməlidir. Əgər
yetərincə uzun söhbət nəticəsində eksperimentdə iştirak edən heç bir
insan (yaxud əksəriyyət) “kompüterin” hansı ad altında gizləndiyini
müəyyən edə bilmirsə, demək, bu “kompüter”də insana xas intellekt
var.
Kompüterləri və insanları bir-birindən ayırmaq (fərqləndirmək)
üçün tam avtomatlaşdırılmış açıq Türinq sınağının bir növü
CAPTCHA ("kəpçə" kimi oxunur) adlanır. Bu haqda məlumat
toplayın.
• CAPTCHA abreviaturasının açılışı nədir?
• Bu sınağın mahiyyəti nədən ibarətdir?
• Onun hansı variantları var?
Özünüzü yoxlayın
1. Süni intellektin hansı
tədqiqat istiqamətləri var?
2. Robotlan hansı
kateqoriyalara ayırırlar?
3. "Robot" termini nə vaxt
yaranıb?
4. "Türinq sınağı" nədir?
5. Maşın tərcüməsi
proqramları hansı növ mətnləri daha yaxşı tərcümə edir? Sizcə,
niyə?