5.
Obrazların tanınması (pattern recognition).
Obyektlərin kompüterin köməyi ilə tanınması məqsədilə, adətən,
görüntülərin, yaxud səslərin kompüter modellərinin yaradılması,
onların rəqəmsal formada yazılması və mövcud örnəklərlə
tutuşdurulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğulardan,
məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni
intellekt sistemləri və başqa qurğulardan istifadə olunur.
6.
Robototexnika (robotics).
Bu istiqamət robotların yaradılması və onların öyrədilməsi ilə
bağlıdır.
TARİX
“Robototexnikanın atası” müsəlman alimi və mühəndisi Əbül İz ibn
İsmail ibn Rəzzaz əl-Cəzari (1136-1206) hesab edilir. O, islamın
qızıl çağında Diyarbəkirdə (Türkiyə) yaşamışdır. Əl-Cəzari su
nəqledən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı
saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul
olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazdığı “Mexaniki
sənətin nəzəri və praktik əsasları” kitabında təsvir etmişdir. Onun
düzəltdiyi musiqili avtomatda içərisində dörd musiqiçi olan qayıq
göldə üzür və şahın qonaqlarını əyləndirir. Mütəxəssislərin
fikrincə, bu, çox güman ki, proqramlaşdırılan ilk avtomat idi.
7.
Yeni aparat təminatı platformaları və arxitekturaları (new
hardware platforms and architectures).
Müasir kompüterlərdə istifadə olunan prosessorlar birinci nəsil
kompüterlərdə olduğu kimi, ənənəvi fon Neyman arxitekturasına
əsaslanır. Simvollu emal üçün bu arxitektura çox səmərəsizdir. Ona
görə də bir çox elmi kollektivlər və şirkətlər artıq on illərdir
ki, simvollu və məntiqi verilənlərin emalı üçün nəzərdə tutulmuş
aparat arxitekturalarının işlənib-hazırlanması istiqamətində
çalışırlar. Uğurlu həllər tapılsa da, baha başa gəlməsinə, proqram
təminatının yetərincə olmamasına, ənənəvi kompüterlərlə
uyuşmazlığına görə bu yeni arxitektura geniş istifadə edilmir.
8.
Oyunlar və maşın yaradıcılığı (games and computational
creativity).
Süni intellektin ilk çağlarında oyun tipli (şahmat, dama, qo)
intellektual məsələlərin həlli istiqamətində geniş tədqiqatlar
aparılırdı. Kompüter tərəfindən musiqi, şeir, nağıl və hətta
aforizm yaratmaq bu istiqamətə aid edilir.
9.
Maşın öyrənməsi (machine learning)..
Bu istiqamət süni intellektin sürətlə inkişaf edən sahəsidir.
Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin
avtomatik toplanması və formalaşdırılmasına yönəlik model, metod və
alqoritmləri əhatə edir. Son zamanlar bu istiqamətə sürətlə
inkişaf edən "verilənlərin intellektual analizi" (data mining) və
"biliklərin aşkarlanması" (knowledge discovery) - verilənlər
bazalarında qanunauyğunluqların axtarılması sistemləri çox
yaxınlaşır.