Bu maraqlıdır
“Robototexnika” (“robotics”) termini ilk dəfə Ayzek Azimovun 1941-ci ildə çap olunmuş “Yalançı!” ("Liar!") elmi-fantastik hekayəsində istifadə olunmuşdur. Bu terminin əsası olan “robot” sözü isə 1920-ci ildə çex yazıçısı, Nobel mükafatçısı Karel Çapekin “R.U.R.” pyesində işlədilib (çex dilində “robota” sözü “ağır iş” anlamını verir). Sənaye robotları meydana çıxanadək belə hesab edilirdi ki, robotlar görünüşcə insanlara bənzəməlidir
Açar
sözlər
Süni intellekt
Robot
Robototexnika
Türinq sınağı
İmitasiya oyunu
Biliklərə əsaslanan sistemlər
Təbii dilin emalı
Maşın tərcüməsi
Obrazların tanınması
Min illərdir ki, insan özünün təfəkkür prosesini anlamağa çalışır. İntellekt sahəsində isə işlər daha mürəkkəbdir: mütəxəssislər intellektin təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq üzərində işləyirlər. Süni intellekt (artificial intelligence, AI) elmin ən müasir sahələrindən biridir. Bu sahədə ilk işlər II Dünya müharibəsi dövründən başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif edilmişdir.
Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə kompüter proqramlarına oxşar qabiliyyəti vermək yollarını araşdırmaqla məşğul olur. Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tutmuş şahmat oynamaq, riyazi teoremlər isbat etmək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər daxildir.
1.
Biliklərə əsaslanan sistemlər (knowledge-based systems). Bu, süni intellektin əsas tədqiqat istiqamətidir və ekspert sistemlərinin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması, biliklər bazasının yaradılması ilə bağlıdır.
2.
Süni intellekt üçün proqram mühəndisliyi (software engineering for AI). Bu istiqamət çərçivəsində intellektual məsələlərin həlli üçün xüsusi proqramlaşdırma dilləri (məsələn: LISP, Prolog) yaradılır. Bundan başqa, intellektual sistemlərin hazırlanmasına yönəlik tətbiqi proqram paketləri və ya süni intellektin proqram alətləri işlənib hazırlanır. Biliklər bazasını konkret biliklərlə doldurmaqla müxtəlif tətbiqi sistemlərin hazırlanması üçün nəzərdə tutulmuş "örtüklərin" - boş ekspert sistemlərinin yaradılması da bu istiqamətə aiddir
3.
Təbii dilin emalı (natural language processing). Süni intellektin və hesablama dilçiliyinin bu ümumi istiqaməti danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyi ilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək.
4.
Maşın tərcüməsi (machine translation). Mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi üçün kompüterlərdən istifadə olunması ideyası 1947-ci ildə,ilk kompüterlərin yaradılmasından dərhal sonra ABŞ-da irəli sürülüb. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, qaneedici olmur. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür.
img