• Robotlar haqqında nə
bilirsiniz?
• Sizcə, hansı işlərdə
robotlar insanlardan üstündür?
Hazırda elm və texnikanın əsas inkişaf istiqamətlərindən biri
robototexnikadır (robotics). Robotlar hərəkət etməklə
verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə
robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı
mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən
verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.
Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar:
robot manipulyatorlar, mobil robotlar və humanoid robotlar.
Robot manipulyatorlar fiziki olaraq öz iş yerinə, məsələn,
zavodda
quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur.
Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot
manipulyatorlar vasitəsilə idarə olunur. Mobil robotlar
təkərlər,
ayaqlar, yaxud analoji mexanizmlər vasitəsilə hərəkət edir. Onlardan
xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində konteynerlərin
yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə
olunur. Humanoid robotlar fiziki quruluş baxımından insanı
xatırladır.