Qotfrid Leybnis
(1646-1716)
Arifmometr
Bebbicin analitik maşını.
XVIII əsr hesablama texnikasının inkişafı baxımından o qədər də
zəngin olmadı, ancaq XIX yüzilliyin başlanğıcında çox böyük bir
texniki ixtira edildi. 1804-cü ildə fransız mexaniki Jan-Mari Jakkar
(1752-1834) insanın iştirakı olmadan avtomatik olaraq naxışlı parça
toxuyan dəzgah düzəltdi. Dəzgah perfokartlarda olan proqram
mexanizminin köməyi ilə idarə olunurdu.
Jakkar dəzgahı texnikada inqilab etdi, çünki yeni texnoloji prinsipə
- proqramlı idarəetmə prinsipinə əsaslanırdı. Tezliklə proqramla
idarə olunan başqa avtomatlar da meydana çıxdı.
Görkəmli ingilis alimi və ixtiraçısı Çarlz Bebbic ilk dəfə bu
prinsipi hesablama qurğularına tətbiq etmək ideyasını irəli sürdü.
1822-ci ildə o, mürəkkəb riyazi cədvəllərin avtomatik qurulması üçün
Fərq maşını (Difference engine)
adlanan qurğunun yaradılmasına başladı. Bu layihə üzərində 12 il
çalışdıqdan sonra Bebbic ondan imtina etdi və
Analitik maşın (Analytical engine)
üzərində işləməyə başladı. Yeni maşın daha mürəkkəb idi və çeşidli
məsələlərin həllinə imkan verəcəkdi. Hər bir məsələ üçün komandaları
və verilənləri perfokartlar vasitəsilə daxil etmək nəzərdə
tutulurdu. Bebbic bütün qalan ömrünü bu arzusunun
gerçəkləşdirilməsinə həsr etsə də, buna müvəffəq ola bilmədi. Çünki
Bebbicin ideyaları zəmanəsini təxminən 100 il qabaqlayırdı və
dövrünün texnoloji imkanları ilə belə bir maşını düzəltmək mümkün
deyildi.
Analitik maşın və onun üçün perfokartlar
Çarlz Bebbic
(1791-1871)