Veb-saytlar yaratmaq üçün çoxlu vasitələr vardır. Ən sadə üsul Wix, A5, uKit,
Umi kimi
sayt konstruktorlarından istifadə etməkdir. İkinci
və bir qədər mürəkkəb üsul Adobe Dreamweaver, Microsoft SharePoint Designer kimi
vizual
HTML-redaktorlardan yararlanmaqdır. Başqa bir üsul WordPress, Joomla!,
Drupal kimi CMS (content management System) sistemlərinin tətbiqidir.
Daha sadə işləri isə Microsoft Office proqramlarında da yerinə yetirmək olar.
Belə ki, veb-texnologiyalarla işləmək üçün Microsoft Office paketinin bütün
proqramlarında çoxlu faydalı alətlər vardır: Word proqramı veb-səhifələrin
yaradılması üçün effektli vasitədir; Excel proqramı veb-səhifələrdən alınmış
verilənləri elektron cədvəllərə daxil etməyə, eləcə də özündə hazırlanmış cədvəlləri veb-səhifə
kimi saxlamağa imkan verir; PowerPoint proqramı təqdimatları İnternetdə yerləşdirmək imkanına
malikdir; Access proqramı brauzerlərdən
birbaşa verilənlər bazasına sorğu göndərməyə imkan verir; Office proqramlarının hamısında
veb-alətləri zolağı vardır; bütün Office proqramları hiperistinadlarla işi dəstəkləyir.