Əməliyyat sistemi kompüterin qurğuları ilə biz
istifadəçilərin arasında "vasitəçilik" edən bir proqramdır. Eyni zamanda əməliyyat sistemi
proqramların
quraşdırılması və onların işləməsi üçün zəruri şəraiti təmin edir. Əməliyyat
sisteminin həll etdiyi məsələlər çox müxtəlifdir və kompüterdə işin bütün sahələrini əhatə edir.
Ancaq ətraflı baxılsa, əməliyyat sistemi bir proqram deyil, tam bir proqramlar
paketidir. Bu proqramlar fayllarla işləməyə, kompüter şəbəkələrini təşkil etməyə
və İnternetə bağlanmağa, istifadəçilərin kompüterə çıxışını idarə etməyə, kompüterə kənardan
icazəsiz qoşulmağın qarşısını almağa və başqa işlərin yerinə
yetirilməsinə imkan verir.
Əməliyyat sisteminin yerinə yetirdiyi məsələlər həqiqətən çoxdur. Ayrı-ayrı
məsələlərə, adətən, əməliyyat sisteminin tərkibinə daxil olan ayrıca utilitlər
cavabdehdir. Bu utilitlər vasitəsilə hər hansı parametrlərin köklənməsi üçün həmin utilitləri
başlatmaq lazımdır. Əməliyyat sisteminin bütün əsas köklənmələri
və kompüterdə işin müxtəlif aspektlərinə cavabdeh olan utilitlər istifadə rahatlığı
üçün bir yerdə toplanıb. Bu yer İdarəetmə paneli adlanır.