Məlumdur ki, hər hansı ərazini nəzəri olaraq eyni
formalı zonalara bölmək üçün (zonaların kəsişməməsi və heç bir boş sahənin qalmaması şərti
ilə) üç düzgün həndəsi fiqurdan istifadə etmək
olar: üçbucaq, kvadrat və altıbucaqlı. Bu örtüklərin içərisində ən səmərəli olanı
altıbucaqlıdır. Səbəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan baza
stansiyalarını (antenləri) məhz altıbucaqlıların
mərkəzində yerləşdirməklə ərazini, demək olar ki, ideal örtmək mümkündür.
Eyni zamanda çoxlu sayda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə
daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altıbucaqlı kiçikölçülü yeddi altıbucaqlıya (pikohücrələrə) bölünür. Bu zaman şəbəkənin qalan strukturu
pozulmur.
Əlbəttə, düzgün həndəsi formalı iş zonalarına nail olunması praktikada heç də
həmişə mümkün olmur. Radiodalğaların yayılma məsafəsi ərazinin relyefindən -
təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneələrdən asılıdır. Onlar iş
zonalarının formasını təhrif edir və baza stansiyalarını ciddi həndəsi
nizamla yerləşdirməyə imkan vermir.
Hücrəsəl sistemin əsas elementləri bunlardır: abonent
avadanlığı (mobil radiotelefonlar), xidmət ərazisində yerləşdirilmiş baza stansiyaları şəbəkəsi və kommutasiya mərkəzi.
Hər bir baza stansiyası çoxkanallı qəbuledici-ötürücü
qurğudur və hər qurğu öz hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Bütün baza
stansiyaları xüsusi rabitə
xətləri (naqilli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə birləşdirilir.
Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və,
əslində xüsusi
avtomat telefon stansiyasıdır. Orada hücrəsəl şəbəkənin bütün abonentləri haqqında
məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi
müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.
Kommutasiya mərkəzi
Şəhər telefon stansiyası
Baza stansiyası