Sizə duaçıdır nəsillərimiz...
Buyurun, qapımız açıqdır sizə;
Yurdu tapşırırıq əllərinizə.
Q a c a r (kinayə ilə.)
Yaxşı, bəs nə oldu, o İbrahim xan?
Ş e y x.
Sizz arxayın olun İbrahim xandan!
Bu gecə qaçmışdır o, Dağıstana!
Q a c a r
Ha... ha... ha... Qaçmışdır kələbaş dana!
Yaxşı, qoşul bizə, bizimlə də get,
Bu vəhşi dağlarda bələdçilik et!
Ş e y x.
Buyurun, buyurun!
Gedirlər. Bir bölük əsgər danışa-danışa qabağa gəlir.)
T e y m u r.
Əlimiz, dişimiz, tüfəngimiz qan,
Yorulub bezmədik vuruşmalardan...
Dünyadan doymadı şahların gözü,
Lap cana doymuşam bunlardan, düzü.
Ə s g ə r.
Dava meydanında bir əsgərik biz,
Nə desə, hazırıq öz sərkərdəmiz,
Sən nə danışırsan?..
T e y m u r. (kinayə ilə.)
" Bir əsgərik biz!..”
Yıxır evimizi öz əllərimiz...
Axmaq! Bu dediyin davalarda sən
Gülləyə rast gəlib it kimi ölsən,
Şahların keyfindən nə azalacaq?
Ə s g ə r.
Orduya pozğunluq gətirmə, sarsaq!
Bizi qırıb tökür bir qaçaq Eldar.
T e y m u r.
Nə qədər qırsa da, onun haqqı var;
Bu torpaq onundur!
Ə s g ə r.
Aha!.. satqınsan!
(Qılınc vuruşuna keçirlər. Əsgərlər toplaşıb, iki tərəf olub vuruşurlar. Bu halda
Eldarın dəstəsi görünür. Vuruşma gedir. Teymur və bir neçə əsgər Eldar tərəfə keçirlər.)
T e y m u r.
Biz də sizinləyik, gəlin, qardaşlar!
E l d a r.
And için qılınca!
(Əsgərlər qılınca and içirlər. Vuruşma davam edir. Qacarın əsgərləri qaçmağa
məcbur olurlar. İlyas arxadan Eldarı vurmaq istəyir, tüfəng açılmır, ikinci dəfə
atana qədər Kürd Musanın gülləsi onu yıxır.)
E l d a r.
Bu nədir, ay Musa?!
K ü r d M u s a.
Nolacaq?! Heyvan
Vurmaq istəyirdi səni arxadan.
E l d a r.
Yaxşı, di durmayın, dayanmaq olmaz!
K ü r d M u s a.
Tələsmə, gözləyək burdaca bir az,
Arxada qalanlar gəlib çatsınlar.
(Bu arada Əli bəy bir neçə adamla tələsik gəlir.)
Ə l i b ə y.
Ayə, hardasınız?.. Eldar, ay Eldar!
E l d a r.
Əli bəy, sən hardan? Tez ol, bir danış!