Göylərdən od töksün yerə ruzigar!
Yan, yan! Kömür olsun hər qaya, hər dağ,
Baş əysin hökmümə bütün Qarabağ!
... Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır...
V ə z i r.
Buyruq sizinkidir, adil hökmdar,
Sizdə fəzilət də, ədalət də var.
Q a p ı ç ı (qaçaraq yaxınlaşaraq.)
Şahım! Bağışlayın, hüzurinizə
Bir kəndli gəlmişdir, sözü var sizə.
Q a p ı ç ı.
Gəl, ata, gəl, budur Qacar!
(Qoca kəndli yaxınlaşır.)
Q o c a.
Sizə bir sözüm var, böyük hökmdar!
Mən bu yanan kəndin ağsaqqalıyam,
Ellərin dərdindən bir az halıyam.
Yanır od içində körpə uşaqlar,
Bizim kəndlilərin nə təqsiri var?
Əmr edin, dayansın yanğınlar, barı,
Xaraba qoymayın bu obaları!
Bu dağlar qoynunda aslan yatmışdır,
Burda Koroğlular at oynatmışdır...
Q a c a r
(hiddətlənərək qocanın səsini kəsir.)
Yaxşı, sus, qoca köpək!
(Kinayə ilə.)
"Burda Koroğlular at oynatmışdır...”
Qacar gedir.
Q o c a (Qacarın arxasınca.)
Ah, cəllad, bimürvət! İndi qulaq as,
Süleyman dünyası sənə də qalmaz.
( Qalxıb gedir. Qacar yenə qayıdır. Qaya başında dayanır. Bu arada
Qacarın sərkərdəsi tələsik gəlir.)
S ə r k ə r d ə.
Şahım! Arxa cəbhə çox qorxuludur,
Elə bil, doğrudan, cahan yoludur...
Eldarın dəstəsi gəlir irəli,
Qırır sərçə kimi bizimkiləri;
Odur, yaxınlaşır! Gizlənin, barı...
Oralar çox bərkdir...
Q a c a r.
Çəkin atları!
Bir bölük göndərin arxaya sarı,
Qabağı saxlasın gizlənincə biz.
S ə r k ə r d ə.
Budur, burdadır ki, əsgərlərimiz.
(Qapıçı gəlir.)
Q a p ı ç ı.
Şahım! Qarabağın şeyxidir gələn.
Q a c a r.
De, gəlsin!
(Şeyx bir dəstə əyan ilə gəlir.)
Ş e y x.
Ey şahım! Ey fəxri-vətən!
Sizin yolunuzu gözləyirdik biz,