Rəhmətlik gündə bir məclis qurardı...
Buna da bir “böyük vəzir” dedilər,
Başımı, beynimi ovub yedilər.
İnandım, dedim ki, nə xəyalı var,
Yəqin ki, bunun da öz cəlalı var.
Bu ki qoltuqlarda gəzib-dolanır,
Çox vaxt da su kimi rəngi bulanır:
Elə dərd tökülür qaşqabağından...
Amma çox razıyam qanacağından:
Şairdir, görünür, düz ilqarı var,
Nə gözəl, nə şirin kəlamları var...
Eh... bir də bunlardan mənə kar aşmaz...
Vaqif gəlir.
V a q i f.
Nə var, fikirdəsən sən, ey sərvinaz,
Amandır, örtməsin, ey nazlı nigar,
O ay camalını qara buludlar!
X u r a m a n.
Niyə, nə dərdim var, Allaha şükür!
Hara baxıramsa, xeyir görünür...
V a q i f.
Yox... Sənin səsində bir titrəyiş var,
Gəl məndən gizləmə, aç, söylə aşkar!
X u r a m a n.
Heç... Bir az incidir məni bu qürbət.
V a q i f.
Yox, bu da olmadı, düz danış, afət!
Yalan yaraşmayır gül dodaqlara...
X u r a m a n.
Bıy... Yaxşı, nə deyim mən bəxtiqara?
V a q i f.
Aha... bundan danış... danış görüm, sən
Niyə öz bəxtinə qara deyirsən?
X u r a m a n.
Deyirlər ki, sən...
V a q i f.
Nə, təzə xəbər?..
X u r a m a n.
Nə bilim, doğrusu..
X u r a m a n.
Deyirlər
Səni vəzirlikdən qovlayacaq xan!
V a q i f.
Ha... ha... Bəs elə bu?
V a q i f.
Xuraman!
Xuraman! Gör nəyin xəyalındasan!
Qəfəsdə quş kimi yaşayıram mən.
Nə sənin gördüyün bu saray, bu yurd,
Nə də dişlərində qan donan o qurd
Bu tərlan könlümü ovlaya bilməz!
Dərdin elə busa, lap arxayın gəz!
X u r a m a n.
Bəs səni... Bəs səni...
V a q i f.
Nə? Çıxarsalar?
X u r a m a n.
Necə dolanarıq, dilənçilərtək...
V a q i f.
Bizə qəhət olmaz bir parça çörək,
Qorxma, bəxtinə də söyləmə qara;
Kaş ki düşməyəydim bu saraylara,
Yanıldım, doğrusu, uyub aldandım,
Başqadır könlümdə mənim ilk andım...
X u r a m a n.
Elə şirin-şirin danışmağın var.
(Başqa otağa keçir.)
V a q i f.
Yox, sərraf gözüdür mənim bu gözüm,
Özüm tutduğuma heyranam özüm...