İ b r a h i m x a n.
Qoymayın, tez olun, tutun Eldarı!
Ona da göstərin daş zindanları!..
(Vaqifə tərəf.)
Qudurtdun bunları, doğrudan da, sən,
Bəlkə də, özünsən ona dil verən?
V a q i f.
Xeyr, yanıldınız, ona dil verən
Göz ilə dünyada alovlar görən
Kəndistan yeridir, bəli, kəndistan!
Bəzən tanrıya da ağ olur insan...
İ b r a h i m x a n (qəzəblə çıxaraq).
Toy adamları dağılır. Vaqif gəzinir. Vidadi heyrətdədir.
V a q i f.
Bu da haqqı-salam, bu da duz-çörək...
Dünyada dərd varmı mənim dərdimtək?..
Bu xan bir ilanmış, saray - yuvası,
Zəhrimar qoxuyur onun havası.
V i d a d i.
Vaqif, sabah məni yola sal gedim,
Torpaq evciyimi ziyarət edim.
Ordadır dünyanın zövqü, ləzzəti.
Sən də öz boynundan at bu minnəti.
Kəndimizə qayıt!..
V a q i f.
Yox, qayıtmaram!
İş ki belə düşdü - meydanda varam!
V i d a d i.
Əl çək bu tərslikdən, qulaq as mana!
V a q i f.
Ölsəm də, ölməyim xoşdur mərdana!
V i d a d i.
Sən öz dediyindən dönməyəcəksən,
Səni yalqız qoyub gedəmmərəm mən.
Ə l i b ə y (gəlir).
Ata, həbs etdilər yazıq Eldarı!
V a q i f (mənalı).
İnsan uçuracaq daş zindanları,
Zəncirsiz, zindansız günlər gələcək,
Bizə təsəllidir böyük gələcək...
Ə l i b ə y.
Bəs Eldar nə oldu?
V a q i f.
Heç, nə dərdi var,
Vaqif ölməmişdir, onu qurtarar.
(Vaqif qolunu oğlunun boynuna dolayaraq.)
Oğlum, xeyir işin olsun mübarək,
Dünyanın kefini, ləzzətini çək!
Mənim də ürəyim hələ cavandır,
Yaşayaq birtəhər, bu da zamandır...
Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür, o, eləcə də Vidadi
ilə öpüşüb gedir.
V i d a d i.
Ağıllı baladır, Allah saxlasın.
V a q i f.
Könlümdə dünyanın min sirri vardır,
Ah, duyan, düşünən nə bəxtiyardır...
Dəryalar üstündə süzən sonalar!
Siz, ey göy üzündə uçan durnalar!
Deyin, xoşbəxtəmmi?..
Xuraman gəlir.
X u r a m a n.
Kişi, bu nə işdir? Küsüb getdi xan?!
V a q i f.
Qoy küssün özünün qanacağından! (Gedir.)
X u r a m a n.
Bir el ağasıydı əvvəlki ərim:
Öz qapım, öz evim, öz nökərlərim;
Hamsı qulluğumda hazır durardı,