Y e n g ə.
Anam, bacım, qız gəlin,
Əli-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin!..
V a q i f.
A qızım, üzündən götür duvağı,
Qoy açıq görünsün ayın qabağı.
Açıq yaşamışdır bizim nənələr,
Kəfəndir, a balam, sərapərdələr...
Hamıda heyrət, həyəcan görünür; gəlini o biri otağa aparırlar.
Bu arada Eldar çiynində bir quzu içəri daxil olur.
V a q i f.
Of... dostum, qardaşım, xoş buyurmusan,
Səndə dağ havası duyuram, inan!
Sizdən ayrılmayır könlümün quşu,
Ellərdə görürəm hər qurtuluşu.
E l d a r.
Möhtərəm şairə salamlar olsun,
Bu dünya durduqca o da var olsun!
İ b r a h i m x a n. (ətrafa).
Aha... heç saymayır bu hərif bizi,
Görünür dadmamış qüvvətimizi...
Ş e y x (ibrahim xanın qulağına).
Bir bax gözlərinə... Baxışı qandır,
Kəndə qarışıqlıq salanlardandır.
İ b r a h i m x a n.
Vəzir, çoban-çoluq məclisidir bu?
V a q i f.
Düzü, gözləməzdim heç sizdən bunu.
İ b r a h i m x a n.
Necə gözləməzdin, lap yersiz, nahaq
Yox bir başa keçsin çiynində çomaq.
V a q i f.
Əziz qonağımdır, dostumdur Eldar.
İ b r a h i m x a n.
Xanın hüzurunda nə ölümü var?
V a q i f.
Bu mənim evimdir, siz qonaqsınız,
Qonağı sevərlər, lap nahaqsınız...
İ b r a h i m x a n.
Qonağı, qonağı - qonağa bir bax,
Hər yoldan ötəni başa çıxardaq!
V a q i f
Onun görkəmindən iyrənməyin siz,
Bir kəndli babadır, vicdanı təmiz,
Dilindən düşməyir gözəl nağıllar;
Ən böyük ürəklər, yetkin ağıllar
Ellər dünyasında yetişir, bilin!
Namusu, vicdanı təmizdir elin!
İ b r a h i m x a n.
Doğrusu, yorulub bezikmədin sən
Elə, durub-durub ellər deməkdən?
E l d a r (Vaqifə)
Canım, dalaşmayın, mən gedim..
V a q i f.
Dayan!
Başqadır könlümdə gülən xaniman...
İ b r a h i m x a n.
Getsin gərməsini ayaqlamağa!
E l d a r.
Buyruq sizinkidir, möhtərəm ağa,
Ancaq olmasaydı kasıb kəndlilər,
Bunca qudurtmazdı sizi simü-zər...
Eldar məclisi tərk edir. Onu tutmaq istəyirlər, adamlar arasında iğtişaş düşür.