Doğulduğu Yuxarı Salahlı kəndindəki rus-tatar məktəbində oxuyan Səmədin uşaqlığı fərəhsiz keçsə də, o, zəngin təxəyyüllü, xəyalpərvər bir gənc kimi yetişirdi. Atasının hər gün sazda səsləndirdiyi el havaları, aşıqlardan müntəzəm eşitdiyi dastan və nağıllar, yaşadığı bölgənin bənzərsiz təbiəti onun hiss və duyğularının zənginləşməsinə, düşüncəsinin dərinləşməsinə əhəmiyyətli təsir edirdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin 1918-ci ildə Qazaxa köçürülməsi, Səmədin elə həmin il ora daxil olması həyatında mühüm rol oynadı. Əla qiymətlərlə oxuyan bu çəlimsiz gənc seminariyanın ictimai işlərində, dram və musiqi dərnəklərində fəal iştirak edir, klassik poeziyanı, dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini həvəslə mütaliə edirdi. O, seminariyanı bitirdikdən sonra 1924-1928-ci illərdə Qazax, Quba rayonlarında və Gəncədə müəllimlik etmişdir. Şeir yazmağa tələbəlik illərində başlasa da, o, bədii yaradıcılıqla müəllim işlədiyi müddətdə daha ardıcıl məşğul olmuşdur. Onun bu dövrdə yazdığı şeirlərdə nakam məhəbbətinin nisgili, küskünlük, mücərrəd romantika güclü idi:
1928-1932-ci illər şairin yaradıcılığında ciddi axtarış mərhələsi, Səməd Vurğunun "özünü yenidən qurmaq” dövrü kimi səciyyəvidir. 1929-cu ildə Bakıda, az sonra Moskvada təhsil alması onun dünyagörüşünün inkişafına, yaradıcılığında ictimai
Şeirlərini bir müddət sərbəst ölçüdə yazan şair 1932-ci ildən sonra yenidən heca vəzninə dönür, ondan uğurla istifadə etməklə siyasi-ictimai məzmunlu əsərlərini yaradır.
1933-1941-ci illər Səməd Vurğun yaradıcılığının ən məhsuldar dövrü olur. Bədii cəhətdən bir-birindən geri qalmayan lirik şeirləri ("Azərbaycan”, "Təbriz gözəlinə”, Şairin ölümü” və s.), mövzuca rəngarəng poemaları ("Komsomol poeması”nın əsas hissəsi, "Macəra”, "Muradxan”, "Ölüm kürsüsü”, "Bəsti” və s.), məşhur pyesləri ("Vaqif”, "Xanlar”), uğurlu tərcümələri (Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan” əsərindən bir hissə, A.Puşkinin "Yevgeni Onegin” mənzum romanı, N.Gəncəvinin "Leyli və Məcnun”u) bu dövrün məhsuludur. Şairin həmin dövrdə, eləcə də sonrakı illərdə yazdığı əsərlərdə iki xətt özünü qabarıq göstərir: o, vətənimizi, onun tarixi keçmişini, insanlarını, təbiətini sonsuz məhəbbətlə tərənnüm etməkdən doymur. İkinci xətti isə sovet hakimiyyətinə, və onun aparıcı simalarına həsr olunan əsərlər təşkil edir. Maraqlıdır ki, ikinci xəttə aid olan əsərlərin çoxunda da vətənə, xalqa məhəbbət, adi vətəndaşın taleyi kimi məsələlər bu və ya digər şəkildə öz əksini tapırdı.