XIX əsrin 90-cı illəri və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı həm çoxəsrlik, ədəbi fikir tarixində, həm də milli realist ədəbiyyatın təşəkkülündə keyfiyyətcə yeni hadisə idi. Əsrin əvvəllərində baş vermiş böyük ictimai-siyasi hadisələrin: Rusiyada
Mövcud quruluşu dəyişmək, xalqı milli istiqlala çatdırmaq XX əsrin əvvəllərində ədəbiyyatımızda əsas ideal idi. Bu dövrdə məhz tənqidi realizm ədəbiyyatı cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə inkişafa maneçilik törədən bütün təzahürləri tənqid edirdi. Həmin mərhələ söz sənətimizdə cəmiyyətin problemlərinin dərindən və aydın bədii dərki, ictimai-siyasi sistemin kəskin tənqidi ilə əlamətdardır.
Çoxəsrlik Azərbaycan ədəbiyyatında satira və yumor əlamətləri müxtəlif səpkidə mövcud olsa da, bu proses XIX əsrdə satirik-didaktik xarakter almış, XX əsrin əvvəllərində isə tənqidi-satirik ədəbiyyat səviyyəsində özünü göstərmişdir.
Dövrün ayrı-ayrı ədəbi axınlarının hər biri müxtəlif yönlərdən və fərqli səviyyədə bu prosesdə iştirak etmişdir. Lakin bütövlükdə cəmiyyətin tənqidi dərki və problemlərin obyektiv bədii inikası, habelə milli azadlıq uğrunda mübarizə vəzifəsini “Molla Nəsrəddin” ədəbi məktəbi həyata keçirmişdir.
Milli azadlıq məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin” ədəbi məktəbinin uğrunda dönmədən mübarizə apardığı əsas ideal idi. "Molla Nəsrəddin” satirik jurnalının nəşri ilə tənqidi-realist ədəbiyyat yaranıb inkişaf etmişdir. Mollanəsrəddinçilər tənqidi-satirik ədəbiyyatın əsas yaradıcıları və hərəkətverici qüvvələri idilər. "Molla Nəsrəddin” ədəbi məktəbinin əsas yaradıcı simaları: Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz və başqaları Azərbaycan realist tənqidi-satirik ədəbiyyatını yaratmışlar. C.Məmmədquluzadənin "Azərbaycan” məqaləsi mətbuatda, "Anamın kitabı” tragikomediyası ədəbiyyatda azərbaycançılıq idealının manifestinə çevrilmişdi. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq "kiçik” adam böyük ədəbiyyatın əsas qəhrəmanı olmuşdur.
XX əsrin əvvəllərində tənqidi realizmdə Azərbaycan ədəbiyyatına yeni janrlar gətirmişdir. C.Məmmədquluzadənin satirik, Ə.Haqverdiyevin yumoristik hekayələri ilə kiçik hekayə böyük ədəbiyyatın janrları sırasında ön mövqeyə çıxmış, C.Məmmədquluzadənin "Ölülər”, "Anamın kitabı”, "Dəli yığıncağı” tragikomediyaları ilə ədəbiyyatımızda bu janrın ilk və mükəmməl nümunələri yaranmışdır. Ə.Haqverdiyevin bu dövrdə yazılmış "Ağa Məhəmməd şah Qacar” əsəri tarixi faciə janrında ən yaxşı əsərlərdən biridir.
Ədəbiyyatımızın tarixində satirik şeir özünün ən yüksək zirvəsinə XX əsrin əvvəllərində tənqidi realizm dövründə çatmışdır. "Molla Nəsrəddin”jurnalının meydana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirik şeir məktəbinin yaranması ilə nəticələnmişdir.