Oqtayın Firəngizi qətlə yetirməsi əsər yaranandan bu günə kimi mübahisə obyekti olmuşdur. Oqtay özünə belə haqq qazandırır ki, sevdiyi Firəngizi "qara torpaqlarda sürünəcək qədər rəzil olan bu həşərat içində görmək” istəmir, onu öldürməklə yaramaz mühitdən uzaqlaşdırır, əbədiyyətə qovuşdurur. Əsərin bu hissəsinin romantik məntiqlə yazıldığını nəzərə alsaq, Oqtaya bəraət vermək olar.
Yaşadığı mühitin qurbanı olan Firəngizin taleyi oxucunu dərindən mütəəssir edir. Yeniliyi, teatrın yaranması və inkişafını ürəkdən arzulayan, milli təəssübkeşliyi ilə diqqəti cəlb edən bu qız Oqtayın fəaliyyətini yüksək dəyərləndirir, onu dərin məhəbbətlə sevir. Səhnəyə can atsa da, qanadsız quş timsalında olan Firəngiz yalnız sonda qətiyyətli qərar qəbul edir; Aslan bəylərə, Qalaçıxanovlara qarşı çıxaraq "zavallı ananın” - səhnənin "doğma yavrusu” - aktrisası olmağa razılıq verir...
Aslan bəylə Danyar bəyin oxşar cəhətləri çoxdur. Pul, vəzifə, şöhrət onların həyat idealıdır. Bu bəyləri nə mədəni tərəqqi, nə də milli teatrın inkişafı maraqlandırır. Teatra getmələri, onunla bağlı üzdə xoş söz demələri "yuxarıların” yanında mədəni, inkişaf etmiş adam təsiri bağışlamaq niyyətindən irəli gəlir. Əslində, onlar üçün teatr "alçaq yer”, aktyor isə "bədbəxt”, "yazıq”, "ləyaqətsiz” adamdır.
Oqtayı əhatə edən sənət yoldaşları ona münasibətlərinə, fərdi xarakter və əməllərinə görə bir-birindən fərqlənirlər. Onların, demək olar, hamısı Oqtayın səyi, təkidi sayəsində teatrda qalır, aktyorluq sənətinin sirlərini məhz ondan öyrənirlər...
Oqtayın xarakterinin, həyata baxışının açıqlanmasında Səməd bəylə söhbətləri əhəmiyyətli rol oynayır. Onlar bir-birinə zidd obrazlardır. Oqtayı rüşvəti olan vəzifə sahibi kimi görmək istəyən, yaxud onun rus teatrına - çoxlu qazanc arxasınca getməsində təkid edən Səməd bəy bu sənət fədaisinin ideallarını başa düşməkdən çox uzaqdır.
Faciənin maraqla oxunmasının, dəfələrlə tamaşaya qoyulmasının mühüm səbəblərindən biri onun yüksək bədii keyfiyyətə malik olmasıdır. Əsərdə diqqəti ilk cəlb edən isə qəhrəmanların fərqli nitqi, danışıq tərzidir. Oqtay danışdıqca
Konfliktin təbiiliyi əsərin bədii məziyyətinin artmasına əhəmiyyətli dərəcədə təsir edir. Onun əsasında burjua cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi dayanır.
Bədii təsvir və ifadə vasitələrinin (bənzətmə, epitet, təkrir və s.) özəlliyi, dialoq və monoloqların yığcam, təsirli olması, süjet və kompozisiya mükəmməlliyi əsərin bədiiliyini artıran mühüm vasitələrdəndir.
Mənbələr üzrə aparılan araşdırma obrazların, bədii əsərin xüsusiyyətlərinin ətraflı aydınlaşdırılmasına imkan yaradır.