M a z a n d a r a n s k i. Oqtay, Oqtay. Dörd nəfər çadralı müsəlman qadını gəlmiş, örtülü lojada oturmuşlar...
Ş a q q u l u. Yox ha! Bir baxım. (Tələsik qaçır.)
M a z a n d a r a n s k i. Oqtay! Oqtay! Hanı o? Kağız, kağız, hanı o?
Ş a q q u l u. Kim verdi? Səhnəyə getməyəcəksən ki...
M a z a n d a r a n s k i. Bir rus qızı, yoldaşı da var.
Ş a q q u l u. Elə onlardır. Gördün?.. Amma hayıf, onları müsəlman bilmişdim. Bir baxsana.
M a z a n d a r a n s k i. Sən qapıya bax. (Oxuyur.) "Möhtərəm Oqtay əfəndi!.. Məharətiniz məni çox sevindirir. Sizinlə görüşməyə müsaidə edəcək olursanız, məmnun olaram... Firəngiz”. Çıx. Çıx. Daha bura sənin yerin deyildir. (Oqtay gəlir.) Bir rus qızı verdi.
O q t a y (baxaraq). Doğrudanmı? Söylə gəlsinlər. Sən də lütfən bir dəqiqəlik. Ox!..
N a d y a. Prostite, çto bespokoili! Ancaq bu qız rahat olmur.
O q t a y. Buyurun, buyurun.
F i r ə n g i z. Sağ olun, gedəcəyik. (Anlaşılmaz bir sükut.)
N a d y a. Biz rus teatrlarına çox gedirik.
F i r ə n g i z. Mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı.
N a d y a. İndi üç dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl "Qaçaqlar”a gəldik. O qədər sevinmiş ki, o gündən adınız dilindən düşmür. Məktəbdə, evdə bir aktyor sözü danışıldımı, dərhal bizim də teatrımız var, Oqtay Karlı gözəl oynayır, deyə araya atılır. Özünüzü görmək istəyirdi. Bir aydır rahatlığı yoxdur. Ancaq Aslan bəyin qorxusundan gəlmirdik.
O q t a y. Mən çox şadam. Aslan bəy kimdir?
F i r ə n g i z. Qardaşım.
N a d y a. Uprava üzvü. İndi də ondan gizlin gəlmişik.
O q t a y. Nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən, bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə...
N a d y a. Onu da qoymurlar. Atası qoymur. Qardaşı gizlindən gətirir. Evdən çıxarkən çadra örtür. Sonra Aslan bəylə gedir, o, söz demir. Ancaq bura gəldiyimizi bilsə, qiyamətdir. Ona görə pərdənin yarısında gəlmişik.
F i r ə n g i z. Siz çox gözəl oynayırsınız. Mən çox sevindim.
N a d y a. Deyir ki, Oqtay Karlı ruslardan yaxşı oynayır.
O q t a y. Vallah, xanım, o qədər mütəəssirəm ki, zəhmətinə qarşı, adətən, hər kəsdən töhmət görən zavallıları siz sevindirirsiniz...
F i r ə n g i z. Sağ olun! Mən həmişə sizin oyunlarınıza gələcəyəm. Bir də buraya gəlsək, buraxarlarmı? Mane olmaram ki?
O q t a y. Nə zaman gəlsəniz... Məni çox sevindirdiniz!
F i r ə n g i z. Mən sizin üçün çiçək gətirəcəyəm.
N a d y a. Çiçəkləri ver də, nədən utanırsan? Neçə gündür deyir ki, mən də sizin kimi öz aktyorumuz üçün çiçək aparacağam. Gətirmiş, indi də utanır. (Firəngizin dirsəyindən itələyir. Firəngiz gözlərini yerə dikərək, çiçəkləri verincə həmən çevrilib qaçırmış kimi.) Sağ olun. (Gedir.)
O q t a y. Allah amanında!