O q t a y. Gün aydın!
S ə m ə d. Əlin neçin qanamış? Bağla onu!
O q t a y. Heç! Mıx dağıtdı.
S ə m ə d. Oqtay, dünən anan bizə gəlmişdi. Yalvarıb məni göndərdi, axı belə iş olmaz.
O q t a y. Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını əzbər söyləyim. Atadan sonra dükan bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilmirəm, odun yox. Bunların hamısını bilirəm. Nə etmək!
S ə m ə d. Dildə demək asandır. Bir ana, bir də naxoş qız qalmışlar başsız. And içir ki, üç gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox... Çox da bilirsən, çarə ki etmirsən.
O q t a y. Doğrudur! O zavallılar da... fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm.
S ə m ə d. İstirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəyəm! Qiymət verən kimdir? Hətta doğma əmin bu gecə nişanlını özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm.
O q t a y. Mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram.
S ə m ə d. Mən də xalq üçün çalışıram. Cəmiyyət də... Upravada üzvəm, fəqət elə işdir ki, adım-sanım, güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki...
O q t a y. Xalq və "mən” - bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikincini götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır...
S ə m ə d. Oqtay, çocuq olma! Qubernatora dilmanc gərəkdir. Ayda yetmiş manat donluq verir. Amma kənardan yeddi-səkkiz yüz gəliri var. Həm də camaat içində adın, hörmətin. Düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim. Dedim, rüşdiyyəni bitirmiş. İdraklı, rusca-azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm.
O q t a y. Çox razıyam, Səməd bəy!
S ə m ə d. Sənət sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə rus səhnəsinə çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun... O vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə, qayıdıb gələ bilərsən.
O q t a y. Ha-ha-ha! Aldanırsan, Səməd bəy, aldanırsan! Bunu bizimçin kim edəcəkmiş! Başqalarında səhnə, mədəniyyət, hər şey var. Bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq. XX əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin, mən bilmirəm...
Ş a q q u l u. Oqtay, bir dəstə adam gəldi, iyirmi nəfərədək yaxşı geyinmiş, hamısı da bilet aldı.
S əm ə d. Oqtay, mən gedirəm. Ağlını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək. Arsız, oyunbaz deyəcəklər...
O q t a y. Səməd bəy, gedin! Mən heç bir zaman sizə dəyməyəcəm. Mən bir mübarizəm, cəbhəm bu! Yolum, görürəm, çox ağır. Qoy mənə gülsünlər. Anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam...
S ə m ə d. Fəqət indilik anan, yazıq bacın!..
O q t a y. Bacım da xalqdan biridir. Onları da xalq özü düşünər.
S ə m ə d. Aldanırsan. Oqtay, hər halda, görüşərik.