D u r s u n. Tabasaranski keflənmiş, yatmışdır. Dedim, dedi, cəhənnəmə olsun hamısı, oynamasın. Deyir, mən rejissoram, belə deyirəm.
O q t a y. Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən Xaspoladın rolunu oynasın.
M a z a n d a r a n s k i. Canım, düz gəlmir, oynamayanda qiyamət qopmaz ki...
R ü s t ə m. Oqtay, qılıncım yoxdur ha.
D u r s u n. Oqtay, İlyasgil qapıları bağlayıb meyxana deyirlər. Həsən də qumar oynayır. Qulaq asmadılar. (Dursun gedir.)
T a m a r a. Oqtay, daha mən gedib soyunum da.
O q t a y. İlyas! (Getmək istərkən.) Bir dəqiqə durun.
Ş ə k i n s k i. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. (Bağıraraq çıxır).
O q t a y. Zəhrimar “Leyli adlı bir gözələ”. Səkkiz saatdır camaat gözləyir, saat on birdə durub gəlmiş ki, “Leyli adlı bir gözələ”.
Ş ə k i n s k i. Saat on bir haradan oldu? Nə eləyim, acından ölməyəcəyəm ki, işimi bitirməmiş durdum gəldim, deyəsən, saman yeyəcəm. Top kimi partlayır, sanki əlimə imperial-filan sayacaqdır.
O q t a y. Əzizim, quzum, gözüm, mən pul alıram, sən yox? Boynuna götürmüşsən, cəmiyyətdən utanmırsan, barı camaatdan, səhnədən utan!
X a s p o l a t. Oqtay, mən hansı qapıdan çıxacağam?
Ş a q q u l u. Heç qapı var ki, çıxasan?
O q t a y. Odur də. Xaspolat, əzizim. Bu vaxtacan haradasan?
X a s p o l a t. Vallah, Oqtay, bir-iki orucum qalmışdı, bu gün iftar açdım...
O q t a y. Oruc sənin belini sındırsın... Gəl bura, Muxan oturdu, soldan çıxdın... (Baş əydi.) Əyil. (Özü əyilir.) Əyil də!
X a s p o l a t. Oqtay, mən orada elərəm.
O q t a y. Sözünü de.
X a s p o l a t. Oqtay! Vallah, mən axşam deyərəm.
O q t a y. Canım, axşamdır də. Saat on birdir ki, evini Allah yıxmasın, hanı rolun?
X a s p o l a t. Vallah, yadımdan çıxıb evdə qalıb.
O q t a y. Of! Allah qırsın sizi. Yaxşı, baş əydin. Əy də, qardaş! Belində ağac bitməyib ki!
X a s p o l a t. Oqtay! Atam, mən oynamıram, vəssalam! Gül kimi əlimdə işim, alış-verişim.
Ş a q q u l u. Saat on ikidir. Onsuz da oyun olmayacaq, get obaşdanlığa.
O q t a y. Mazandaranski, get, bu saat get, sənə deyirəm. Xaspolat, haydı, sən də get suflyordan kitab al. Sözlərinə bax.
M a z a n d a r a n s k i (gedərək). Savad var ki, oxusun.
O q t a y. Şəkinski, get geyin.
D u r s u n. Oqtay, üzüyü verdim İvanovskiyə. İndi də raboçilər çıxıb gediblər. Deməli, qaldı.
O q t a y. Allah əkbər!
Ş a q q u l u. Uşaqlar soyunsunlarmı?
O q t a y. Kimsə soyunmasın, özüm işləyəcəyəm.
Ş a q q u l u. Dekorasiyaları haradan tapacaqsan, mıx yox, çəkic yox.
O q t a y (yerdən bir daş götürür). Budur çəkic. Canım çıxar özüm hər şeyi tapar, düzəldərəm.
R ü s t ə m. Oqtay, mənim qılıncım yoxdur, İvanovski vermir.
O q t a y. Get söylə, borcudur versin. Yoxsa gəlib hamısını ayaq altına tökər, parça-parça edərəm. Bu, sağ divar. Qaldır. (Götürürlər).