O q t a y. O tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısındasınız, əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə (göstərir). Deyirsiniz. Söyləyin.
O q t a y. Axı indi mən başıma nə daş salım! Bu da insanlıqdır ki, caamatı dörd divar arasına doldur da, özün baş götür çıx get! Axı bir anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı, yalvararaq bilet satdığımız üç-dörd zavallını da qaçırırsınız.
M a z a n d a r a n s k i. Oqtay, antreprenyor mənzil pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarım verilməlidir.
D u r s u n. İndi nə etməli?
O q t a y. Bəs Tabasaranski haradadır? Get söylə, adamlar gəlməmiş adam tapsın.
M a z a n d a r a n s k i. Raboçilərə də dedi, hamısı getdilər. Çıxıb getdilər.
D u r s u n. Oqtay! Bu gecə heç bir şey çıxmayacaqdır. Camaat da azdır. Çarəsi yox, oyunu saxlamalıyıq.
O q t a y. Olmaz! Sən də get söylə adamlar gəlməmiş. Xalqı oyuncaq kimi əldə oynada bilməz. Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa, oyun getməlidir. İvanovski haradadır? (Getmək istərkən.)
Ş a q q u l u. Oqtay, İvanovski Gavədən əvvəl Zöhhakın taxt-tacını sərnigun elətdirdi. Deməli, oyun qurtardı.
O q t a y. Əsəd bəy onu görmədimi?
Ş a q q u l u. Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti-xeyriyyə üçün oynanır. Sabah cəmiyyətin pulundan da olsa, mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi oynanmasın, çıxdı getdi. Dekorasiyaları da söküb hərəsini bir divara söykədilər. Özləri də getdilər.
O q t a y. Yəni kassada heç pul yoxdur? Heç olmasa..
Ş a q q u l u. Baxdılar, vur-tut səkkiz manat pul var idi. Onu da paltar üçün vermişlər.
O q t a y. Allah əkbər!
Ş a q q u l u. Oqtay, indi ki Əsəd bəyə demişsən, gəlin oyunu saxlayaq, başqa çarəsi yox..
O q t a y. Olmaz! Oyun saxlanmaz, xalqı çiyrindirirsiniz, anladınızmı? Şaqqulu, al bu üzüyümü, apar ver, söylə sabah parasını düzəldib verərik. (Şaqqulu gedir.) Tabasaranski nə oldu? Dursun! (Çağırır.)