Taleyini teatra və bədii yaradıcılığa bağlayan sənətkar coşqun fəaliyyətinə ara vermir. Onu yeni quruluşun mədəni inqilab siyasəti cəlb edir. Xalqının inkişafını, mədəni tərəqqisini həmişə arzulayan yazıçı mənəvi rahatlığını bu istiqamətdə çalışmaqda tapır. Bir-birinin ardınca yaratdığı əsərlərin qəhrəmanları xarakterlərinin mükəmməl, məqsədlərinin aydın olması ilə fərqlənməyə başlayır. Ədalətsizliklə barışmayan, "altun dünyasının” əzici qaydalarına qarşı çıxan Aydın ("Aydın”) konkret məqsədi, dəqiq mübarizə yolu olmayan, "dumanlı arzularla” yaşayan etirazçı obrazdırsa, Oqtay ("Oqtay Eloğlu”) uğrunda çarpışdığı qayəni bütün incəlikləri ilə dərk edən, mücərrəd fikir və danışıqdan uzaq olan ədəbi qəhrəmandır. Elxan isə ("Od gəlini”) ondan fərqli olaraq, öz mübarizəsində ardıcıl və qətiyyətlidir. Xalqının milli azadlığı uğrunda işğalçılarla ölüm-dirim mübarizəsinə girişən Elxan öz ideallarına həmişə sadiq qalır və bu yolda heç kimə, heç nəyə güzəştə getmir. Romantikanın qovuşduğu realizm əsasında yazılmış və böyük uğur qazanmış "Od gəlini” faciəsi dramaturqun yaradıcılığında yeni səhifəyə keçid üçün zəmin oldu. İndi onu mədəni inqilabla bağlı problemlər, yeni qəhrəmanlar düşündürür. Bu düşüncənin, bədii axtarışların nəticəsində "Sevil” (1928), "Almaz” (1930), "Yaşar” (1932), "Dönüş” (1932-1933) pyesləri yaranır. Geriliyin, köhnə fikrin əsiri olmaq, yeniliyə qarşı çıxmaq kimi məsələlər bu əsərlər üçün ortaq cəhətlər sayıla bilər. Lakin onlarda bədii həlli verilən problemlər fərqlidir: "Sevil”də qadın hüququ, "Almaz”da kənd təsərrüfatının kollektivləşdirilməsi, "Yaşar”da elmi-texniki tərəqqi, onun tətbiqi, "Dönüş”də mədəni inqilab və yüksəliş diqqət mərkəzinə çəkilmişdir.
"Sevil”də müəllif qadın azadlığı probleminə sələflərindən fərqli yanaşır: qadınlar kişilərlə bərabərhüquqlu olmalı, sərbəst işləməli, heç kimdən asılı olmadan yaşamalıdırlar. Avam, gözübağlı, başqasına möhtac olan Sevil yeni həyatın verdiyi imkanlardan bəhrələnərək savad alır, inkişaf edir, qadın azadlığının müdafiəçisinə çevrilir.
"Almaz”da yeni həyat quruculuğu kənddə baş verən hadisələrin zəminində açıqlanır. Almaz müəyyən səhvlərə yol versə də, maneələrə qarşı mübarizədə tərəddüd etmir, qətiyyətli və cəsarətli addımları ilə yeniliyə qənim kəsilənlərin ümidlərini puça çıxarır.
"Yaşar”da təsvir olunanlar zaman baxımından "Almaz”dan sonrakı dövrə aiddir. Almazla açıq mübarizə aparanlar maskalanaraq indi Yaşarla vuruşurlar. Lakin yenilik qarşısıalınmaz güc və sürətlə irəliləyir, onun təntənəsi addımbaşı duyulur. Yaşar və onun həmkarları əldə etdikləri elmi nailiyyətləri kənddə uğurla tətbiq edirlər.
Teatrın repertuarının daim yenilənməsi, onun müasir həyatla əlaqəsinin gücləndirilməsi, aktyor sənətkarlığının artırılması, teatr tənqidinin sağlam olması və s. "Dönüş”ün qəhrəmanı Gülsabahın fəaliyyətində mühüm yer tutur.